“Fransızların Qarabağa buraxılmaması digərlərinə də dərs olmalıdır” - Politoloq

“Fransızların Qarabağa buraxılmaması digərlərinə də dərs olmalıdır” -  Politoloq
  09 Fevral 2021    Oxunub:7065
Bu yaxınlarda Fransadan Ermənistana gəlmiş jurnalistlərdən ibarət qrupun Xankəndinə buraxılmaması erməni cəmiyyətini məyus edib. Rusiya sülhməramlıları fransız jurnalistlərə bildiriblər ki, Azərbaycan ərazilərinə daxil olmaq üçün icazəni İrəvandan yox, məhz Bakıdan almaq lazımdır. Bu səbəbdən Fransa nümayəndə heyətinin Qarabağa girişinə icazə verilməyib.
Siyasi ekspertlər belə həssas dönəmdə Fransadan gələn heyətin Ermənistan vasitəsilə Qarabağa keçid cəhdini təxribat planı kimi qiymətləndirirlər. Onların Qarabağa buraxılmayaraq geri qaytarılması isə, onu göstərir ki, bundan sonra Azərbaycanın icazəsi olmadan heç kim Qarabağ bölgəsinə səfər edə bilməyəcək.

Məsələni Azvision.az –a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, sözügedən torpaqların beynəlxalq qanunlarla Azərbaycana aid olduğu çoxdan təsbit olunub. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradan rəsmi Bakı bundan sonra çətin ki, işğaldan azad etdiyi torpaqlara əvvəlki kimi səfərlərin təşkil olunmasına imkan versin:

“Bu məsələdə bir neçə diqqətçəkən məqam mövcuddur. Əvvəla, yenə Qarabağla bağlı bu cür xoşagəlməz olayların arxasından Fransa amili çıxdı. Bu işdə məsuliyyətsiz davranan Fransa hökumətinin hərəkətləri qınanmalıdır. Düzdür, hələlik hadisə rəsmi şəkildə öz təsdiqini tapmayıb və jurnalistlər qrupunun səfərini hökumət təşkil etməyib. Amma əvvəllər də bu ölkədən qaynaqlanan oxşar qalmaqalları az görməmişik. Bu bir faktdır ki, Ermənistanın keçmiş hakimiyyəti, eləcə də indiki iqtidar işğal altında saxladığı Azərbaycan ərazilərinə səfərlərin təşkilində maraqlı idilər, müxtəlif vasitələrlə bura deputatları, media nümayəndələrini daşıyıb gətirirdilər. Onların bu səfərlərlə bağlı 30 il ərzində olan istəkləri və maraqları da bəlli idi. Yaxşı, bəs sual yaranır, Fransanın indiki dönəmdə marağı nədir? Bu ölkənin XİN-i bilmirmi ki, artıq münaqişə sona çatıb, torpaqlar Azərbaycana aiddir, həmin ərazilərə gediş-gəliş Bakının icazəsi ilə olmalıdır? Bununla bağlı niyə öz vətəndaşlarına, jurnalistlərə xəbərdarlıq edilmir?”.



İlqar Vəlizadə əvvəlki illərdə Fransadan tutmuş, bir neçə digər ölkələrə də nota və xəbərdarlıqların edildiyini xatırladaraq deyib ki, hazırda Parisdə gözəl anlayırlar ki, daha Azərbaycan torpaqlarına səfərlər İrəvandan alınan akkreditasiya ilə təşkil olunmur:

“Özü də Fransa Azərbaycanla sıx diplomatik əlaqələri olan, birgə müxtəlif böyük layihələr reallaşdıran ölkədir. Bir jurnalistin səfər cəhdi başa düşüləndir ki, kimsə kefindən bu addımı atır. Xüsusi nümayəndə heyətinin səfərinin təşkili niyə Ermənistan vasitəsilə qurulmalıdır? Azərbaycanda da Fransa səfirliyi var axı. Yəqin bu məsələ, hadisənin baş verməsi rəsmi qaydada təsdiqini tapsa, qarşı tərəf olaya aydınlıq gətirəcək. Çünki xəbəri keçmiş erməni səfir Minasyan mediaya ötürdü. Onun açıqlamaları isə rəsmi məlumat sayılmır. Amma od olmayan yerdən tüstü çıxmaz. Bu mənada, sözügedən qalmaqal yaşanıb, Fransadan gələn nümayəndə heyəti yarı yoldan geri qaytarılıb”.

Politoloq onu da vurğulayıb ki, artıq noyabrın 10-dan sonra regionda vəziyyət tamamilə dəyişib. Əslində əcnəbi jurnalistlərin xüsusi nəzarət-buraxılış məntəqəsindən geri qaytarılmasında qeyri-adi bir şey yoxdur. Rusiya sülhməramlıları ona görə əcnəbi vətəndaşları Qarabağa buraxmadılar ki, doğrudan da onlar Ermənistandan başqa bir ölkənin torpağına daxil olurdular, Azərbaycan ərazisinə gəlirdilər:

“Amma qalmaqaldan sonra yəqin ki, Azərbaycan da sonrakı prosesləri daha dərindən izləyəcək. Bu, əslində Azərbaycanın səlahiyyətində olan bir məsələdir ki, ölkəyə kimi buraxmaq olar, kimi yox. Bütün hallarda düşünürəm ki, insidentdən sonra regionda vəziyyət bir qədər də dəyişəcək. Ən azı Fransa kimi ölkələr üçün bu olay bir siqnal, xəbərdarlıq olmalıdır. Paris nəhayət anlamalıdır ki, Qarabağ Azərbaycan ərazisidir, heç bir fransız vətəndaş haradan, necə gəldi bu torpaqlara ayaq basa bilməz. Fransanın Ermənistandakı səfiri isə bu cür məsələlərə ümumiyyətlə qarışmamalıdır. Getsin ölkəsindən Ermənistana olan səfərlərlə bağlı yaranan problemləri araşdırsın. Bir daha qeyd edirəm ki, məlum hadisə bu cür səfər və təxribat xəyalı quran digər ölkələr və ya onların “media nümayəndələri” üçün də dərs olmalıdır. Fransa Avropa İttifaqının üzvüdür və onun ittifaqdakı müttəfiqləri belə sərt tədbirlərdən sonra öz hesablarını götürməlidirlər. Fransadan gələn jurnalistlər yanlış üsul seçdikləri üçün məyus ediliblərsə, digər ölkələrin vətəndaşları üçün də bu tətbiq ediləcək. Düşünürəm ki, bundan sonra qanunsuz səfər planlaşdıranlar üçün oxşar addımlar təkrarlanacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Qarabağ   Səfir   Qanunsuz-səfər   Politoloq  



Xəbər lenti