“Cəmiyyət artıq Sarkisyanın dediklərinə inanmır” - Erməni politoloq

 “Cəmiyyət artıq Sarkisyanın dediklərinə inanmır” -  Erməni politoloq
  17 Fevral 2021    Oxunub:1944
Erməni politoloq Andrias Qukasyan eks-prezident Serj Sarkisyanın yerli KİV-ə verdiyi müsahibəsini tənqid edib.
Azvision.az xəbər verir ki, Qukasyan ilk olaraq “Sarkisyan niyə oxu Karen Karapetyana tərəf yönəltdi” sualını cavablandırıb.

Qeyd edilib ki, ermənilər Sarkisyanın 2018-ci ildə ölkədə baş verən hadisələrdə Karen Karapetyanı günahlandırmaq niyyətinin olduğunu düşünürlər.

"Təbii ki, oxu təkcə Karen Karapetyana deyil, həm də onun arxasındakı Robert Koçaryana qarşı yönəltdi. Nikol Paşinyanın bu suala reaksiyası bizə Serj Sarkisyanın açıqlamalarında nəyin doğru və nəyin yalan olduğunu başa düşməyə imkanı verəcək. Məndə belə bir təəssürat yarandı ki, cəmiyyətin böyük bir qismi Serj Sarkisyanın hakimiyyəti Karen Karapetyana ötürdüyü, Karapetyanın isə əslində hakimiyyəti saxlaya bilmədiyi və Nikol Paşinyana təslim olduğu barədə dediklərinə inanmır".

Partiya sədri, həmçinin Sarkisyanın ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı fikirlərinə də münasibət bildirib. O, ümumilikdə belə bir qənaətə gəlib ki, hazırda baş verən bütün siyasi proseslər ölkədə vəziyyətin həqiqətən kəskin olduğunu göstərir. Vazgen Manukyan və onun arxasında duran qüvvələr 20 fevralda keçiriləcək etiraz aksiyalarını dövlət çevrilişinə çevirmək üçün fürsət olaraq istifadə etmək niyyətindədir.

Erməni politoloq uzun fasilədən sonra Sarkisyanın hansı səbəbdən gündəmə gəlməsinə də toxunub.

"Sarkisyan hansı məqsədlə müsahibə verdi? 20 fevralda məşhur müxalifət üçlüyü liderləri Vazgen Manukyanla birlikdə etiraz aksiyaları keçirməyi və dövlət binalarını zəbt etməyi düşünürlər. Yəqin ki, məsələ bu cənabların ayın 20-də etməyi planlaşdırdıqları qətiyyətli hərəkətlərdədir. Bu müsahibə vətəndaşlarımızı ən azı aksiyalara sədaqət göstərməyə sövq etmək, mitiqlərə siyasi dəstək yaratmaq məqsədi daşıyır.Buna görə də Serj Sarkisyan indi belə bir müsahibə verərək ortaya çıxdı. O, 20 fevral etirazlarını dövlət çevrilişinə çevirmək üçün zəmin hazırlayır. Vazgen Manukyan və Serj Sarkisyanın çıxışlarını müqayisə edərək vəziyyətin həqiqətən gərgin olduğu qənaətinə gələ bilərik. Serj Sarkisyanın əsas tezisi Nikol Paşinyanın dövlətimizə qarşı sui-qəsd təşkil etməsi ittihamıdır. Nikol Paşinyan hakimiyyəti Vazgen Manukyana verməyə hazır olmayacaqsa, onda sərt cavabların, sərt hərəkətlərin şahidi olmalıyıq.

Ümumilikdə isə hazırda ən doğru yol Sarkisyanın müsahibəsindəki fikirlərinə şərh vermək deyil, sənədlərin əslini dərc etməkdir. Bundan sonra hər kəs danışıqlar prosesində hansı alətin hansı formada rol oynadığına dair öz qərarını verə biləcək".

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Paşinyan   Aksiya  



Xəbər lenti