Azərbaycan Ordusundan revanşistlərə güc nümayişi

 Azərbaycan Ordusundan revanşistlərə güc nümayişi
  11 Mart 2021    Oxunub:4507
Xəbər verdiyimiz kimi, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.



Vətən müharibəsində qazanılan qələbədən sonra keçiriləcək ilk böyük təlimlərin əhəmiyyəti barədə Azvision.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu təlimlərdə Azərbaycan Ordusunun müharibədə əldə etdiyi döyüş təcrübəsi nəzərə alınacaq.

Onun sözlərinə görə, təlimlərdə qoşunların çətin relyefdə, xüsusilə dağlıq ərazilərdə idarə olunması ciddi önəm daşıyacaq.

"Qoşunların müxtəlif səviyyəli döyüşə hazırlıq vəziyyətinə gətirilməsi, yenidən qruplaşmaların keçirilməsi ilə bağlı fərqli addımlar atılacaq. Qoşunların terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcəyi barədə açıqlama təsadüfi deyil. Biz bilirik ki, hazırda Qarabağ ərazisindən heç də bütün erməni silahlıları təmizlənməyib. Əfsuslar olsun ki, bu funksiyalar sülhməramlıların oraya daxil olması ilə paralel şəkildə, həm də həmin sülhməramlılar tərəfindən həyata keçirilməli idi. Bu proseslər bu günə qədər nə vizual, nə də rəsmi bəyanatlarda öz əksini tapıb.

Odur ki, Azərbaycan Ordusu mövcud hərbi-siyasi vəziyyət fonunda təlimlərin mövzusunu məhz real şəraitə uyğunlaşdırararaq erməni silahlı birləşmələrinə, Ermənistandakı revanş tələb edən müxalif qüvvələrə bir daha öz imkanlarını nümayiş etdirəcək. Düşünürəm ki, bu təlimlər Ordumuzun qələbədən sonra əldə etdiyi təcrübəni digər hissə və bölmələrlə paylaşması, qarşılıqlı əlaqənin təşkili baxımından böyük əhəmiyyətə malikdir. Təlimlər həm hərbi, həm də hərbi-siyasi məqsədlər daşıyacaq".





Anar Kəlbiyev
Azvision.az


Teqlər: Azərbaycan   Ordu   Təlim  






Xəbər lenti