Pekin müqavimətə hazırlaşır

Pekin müqavimətə hazırlaşır
  11 Mart 2021    Oxunub:3541
Vaşinqton Tibetin mühacirətdə yaşayan lideri Dalay Lamanın varislik prosesində Çin hökumətinin heç bir rolu olmaması gərəkliyini açıqlayaraq Pekinin bu məsələyə müdaxiləsinin yolverilməzliyini bildirib.
Dövlət Departamentinin sözçüsü Ned Prays Dalay Lamayla bağlı suala savab verərək deyib ki, “Çin hökumətinin Dalay Lamanın varislik prosesində heç bir rolu olmamalıdır”.

Məsələ burasındadır ki, Çin Tibeti 1950-ci illərdə ram etdikdən sonra Dalay Lama hələ uşaq yaşlarında oranı tərk etmiş və bundan sonra mühacirət həyatına başlamışdı. Dalay Lama Hindistan ərazisində yaşayır.

Dalay Lama illərdir Çinin siyasətini tənqid edir, dünyanın müxtəlif liderləriylə görüşüb fikir mübadiləsi aparır. Dalay Lama Tibet üçün müstəqillik tələb etmir, o bölgənin muxtariyyəti ilə kifayətlənə biləcəyi fikrindədir. Buna baxmayaraq, Pekin Dalay Lamanın fəallığından narahatdır. Digər tərəfdən Pekin Tibetin dini liderini özü seçir. Məntiq budur ki, dini lider Tibetin özündə yaşamalı və Çinin qanunlarına tabe olmalıdır. Bu isə Qərb ölkələrinin narazılığına yol açır. Ancaq Qərb ölkələrinin, o cümlədən Vaşinqtonun Pekinin qərarını dəyişdirməsi üçün əlində kifayət qədər aləti yoxdur. Çinə qarşı sanksiyalar da nəticə vermir.
Bu arada, “South China Morning Post” qəzetinin yazdığına görə Çinin lideri Si Tzinpin hərbçilərə ölkənin toqquşduğu təhdidlərlə əlaqədar mürəkkəb və çətin situasiyalara hazır olmalarını tapşırıb. Çin lideri çıxışında bunları bildirib: “Ölkəmizdə təhlükəsizliklə bağlı yaranan yeni vəziyyət olduqca qeyri-sabit və qaranlıq görünür. Bütün silahlı qüvvələr potensialın gücləndirilməsi və döyüş qabiliyyəti arasında qarşılıqlı əlaqəni koordinasiya etməli, hər bir anda çətin situasiyalara hazır olmalı, suverenliyimizi, təhlükəsizlik maraqlarımızı qərarlıqla qorumalı, sosialist dövlətin quruculuğuna dəstək verməlidir”.

Çinin müdafiə naziri Vey Fenhe də lideri kimi düşünür. Müdafiə naziri Çinin milli təhlükəsizliyinin “ən yüksək risk fazasında olduğunu” bəyan edərək, ordunun əvvəlki dövrlərdə olmadığı qədər yüksək sayıqlılıq nümayiş etdirməli və döyüş qabiliyyətini artırmalı olduğunu söyləyib. Bununla Pekin demək istəyir ki, Çinin ona qarşı atılan addımlara verəcəyi cavabı var.

Hazırladı: “Atlas” Araşdırmalar Mərkəzi
Azvision.az


Teqlər: Pekin   Dalay-Lama  



Xəbər lenti