“Alnımdan qan su kimi axırdı, soruşanda əla olduğumu dedim” - Qarabağ qazisi

 “Alnımdan qan su kimi axırdı, soruşanda əla olduğumu dedim” -  Qarabağ qazisi
  12 Mart 2021    Oxunub:7773
“Alnımdan qan su kimi axırdı. Kapitan məndən vəziyyətimin necə olduğunu soruşanda ona əlimlə əla işarəsini göstərdim”.
Bunu Azvision.az -a Vətən müharibəsində başından yaralanan və Türkiyədə əməliyyat olunaraq Vətənə qayıdan qazi Aqil Eminov deyib. Ordumuzun kiçik çavuşu müharibədən əvvəl Tərtərin N saylı hərbi hissəsində MAXE (Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu) kimi xidmət edib. O, oktyabrın 17-nə kimi Ağdərə yolunda döyüşüb. Göstərdiyi qəhrəmanlıqlara görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Hazırda Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayır. Bir qız, bir oğlan atasıdır.



Aqil Eminov: “Vətən müharibəsində bizim ailədən iki nəfər -mən və qardaşım gizir Şəhriyar Eminov iştirak edirdik. İxtisasım filoloqdur, 8 il Azərbaycan dili və ədəbiyyatı üzrə dərs demişəm. 2014-cü ildən MAXE kimi çalışmışam. Aprel döyüşlərində də iştirak etmişəm. Vətən müharibəsinə böyük sevinclə qatılmışdım. 30 ildən sonra ermənilərdən qisas alacaqdıq, mən bu döyüşlərdən qıraqda qala bilməzdim. Oktyabrın 17-nə kimi Ağadərə yolu uğrunda minaatan batareyasında döyüşmüşəm. Yaralandığım gün indiki kimi yadımdadır. Yaxınlığıma tank mərmisi düşdü. Qəlpə başımın sol tərəfinə girdi. Həmin vaxt nə baş verdiyini, hansı nahiyyəmdən yaralandığımı anlamadım. Bircə onu gördüm ki, qan alnımdan su kimi axır. Özümdə deyildim, dizlərim büküldü, yerə oturdum. Bölüyümüzün baş zabiti leytenant Ceyhun Əmirov mənə tərəf qaçdı. Qolumdan tutub “qorxma, ölməyəcəksən, maşın tapıb səni xəstəxanaya göndərəcəyəm” dedi. Huşum gedib-gəlirdi, baş verənləri tam dərk etmirdim. Ermənilər isə dayanmadan mərmi atırdılar. Özümü toparlayıb Ceyhuna dedim ki, məni bir kənara qoy, döyüşə davam et, vaxt itirmə. Əgər ölsəm, denən şəhid oldu. Kapitanımız məndən soruşdu ki, “Eminov necəsən?”. Əlimlə əla işarəsini göstərdim. Ondan sonra özümdən getdim”.



Həmsöhbətimiz deyir ki, yaralanandan 10 gün sonra özünə gəlib.

“Gözümü açıb xəstəxanada olduğumu gördüm. Çox çətinliklə, kəkələyərək oranın Tərtər xəstəxanası olduğunu soruşdum. Mənə bildirdilər ki, Tərtərdəyəm və ailəmə sağ olmağımla bağlı məlumat veriblər. Üç-dört gün keçəndən sonra məni ayağa qaldırıb gəzdirdilər. Pəncərədən baxanda mənzərənin Tərtərə bənzəmədiyini gördüm və Bakıda olduğumu anladım.

Paytaxtda bir ay “Semaşko” (1 saylı Kliniki Tibbi Mərkəz) xəstəxanasında yatdım. Ordan evə göndərdilər. Ancaq səhhətimdə ciddi problemlər olduğundan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəmi davam etdirdim. Orada olarkən "YAŞAT" Fondu ilə əlaqə saxladım, başımdan yaralandığımı, danışa bilmədiyimi və dərk etmə qabiliyyətini itirdiyimi dedim. Ondan sonra Fondun xətti ilə Türkiyəyə göndərildim. Orada əməliyyat və müalicə olundum. Altı aylıq dərmanla təmin edildim. Əməliyyatdan öncə çox çətinlik çəkirdim, sözləri deyə bilmirdim, insanların nə dediyini anlamırdım. Bir sözü 10 dəfə soruşurdum. 20 gün ərzində nitqimdə xeyli irəliləyiş oldu, bir neçə aya danışığım və qavramam tam bərpa olunacaq”.









Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazi   YAŞAT   Qarabağ   Müharibə  






Xəbər lenti