Ordusu darmadağın edilmiş ölkənin müharibə ritorikası - ŞƏRH

 Ordusu darmadağın edilmiş ölkənin müharibə ritorikası -  ŞƏRH
  13 Mart 2021    Oxunub:8675
Son günlər Ermənistanda yenidən müharibənin başlanacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta hərbi əməliyyatların vaxtı barədə iddialar da irəli sürülür.

Bu cür müharibə və revanşizm ritorikalarının fonunda İrəvan 7500 nəfərlik heyətlə dörd günlük genişmiqyaslı təlimlərə start verdiyini bəyan edib.
44 günlük ikinci Qarabağ müharibəsində ordusu darmadağın edilmiş Ermənistandan gələn müharibə mesajları nədən xəbər verir? Yaxud məğlub ölkənin genişmiqyaslı təlimlərə başlamasında məqsədi nədir?

Məsələni Azvision.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, əslində müharibə ritorikası və hərbi təlimlərə hazırlıq gözlənilən idi:

“Ümumiyyətlə, ölkələrin Silahlı Qüvvələri ona görə silahlanır və daim döyüş hazırlığını yüksəldir ki, hər hansı xarici hərbi təxribatın, mümkün müharibənin qarşısını ala bilsin, sərhədlər daxilində torpaqları müdafiə etsinlər. Məlum olduğu kimi, Azərbaycan Ordusu ötən il bütün dünyanın gözü qarşısında yeni bir tarix yazaraq qısa zamanda işğalçılar üzərində qələbəni təmin etdi və ölkənin beynəlxalq qanunlarla təsbit edilmiş ərazi bütövlüyünü bərpa etdi. Hazırda ordumuzun əsas funksiyası dövlət sərhədlərini qorumaqdır. O ki, qaldı Ermənistanla bağlı məsələlərə, bu ölkədə gedən proseslər göz önündədir. Siyasi gərginlik pik həddə çatıb. Təbii ki, siyasi gərginlik zamanı Qarabağ məsələsi və ermənilərin torpaqlarımızdan qovulmaları ilə əlaqəli revanşist ideyalar irəli sürülür. Bütün bunlar siyasi toqquşmalardır, İrəvanda hakimiyyət üçün mübarizə aparan hər iki tərəf belə ideyalarla siyasi platforma yaradıb, cəmiyyətin diqqətini özünə cəlb etmək istəyir. Müharibədən sonra bu qüvvələr arasında Dağlıq Qarabağ məsələsi, darmadağın edilmiş ordunun revanşının alınmasında dair mütəmadi fikirlərin səsləndiriləcəyi gözlənilən idi. İndi daxili siyasətdəki qeyri-sabitliyin hökm sürdüyü dönəmdə revanşizm, yeni müharibə ideyaları normal qəbul edilməlidir. Düşünmürəm ki, burada nə isə yeni, qeyri-adi fikir, çağırış və ya ideyalar yaranıb”.



Ermənilərin ağır müharibədən sonra ilk dəfə genişmiqyaslı təlimlər keçirməsinə gəlincə, ekspert deyib ki, yaxın vaxtlarda yeni müharibənin olması gözlənilmir:

“Ermənistanda keçirilən təlimlər onların öz sərhədləri daxilində baş tutacaq. Hər bir silahlı qüvvələrin öz döyüş hazırlığı planı var ki, buna uyğun müəyyən tədbirlər keçirilir. Məncə, bu təlim də həmin tədbirlərdən biridir. Düzdür, müharibədə diz çökdülər. Amma bu o demək deyildi ki, postmüharibə dövründə hərbi məsələləri dayandıracaq, ordularında təlimlərlə bağlı planları təxirə salaraq hərbçilərinin döyüş hazırlığı ilə məşğul olmayacaqdılar. Yəni təlimlər normal proseslərdir. İnanmıram ki, ermənilərin belə genişmiqyaslı təlimləri yeni müharibəyə yönəlsin. İndiki hadisələrin fonunda qarşı tərəfin regionda yenidən müharibənin başlatması təhlükəsi ilə bağlı ehtimallara gəlincə, deyə bilərəm ki, yaxın zamanlarda bunun real olması mümkün deyil. Çünki əgər biz qarşı tərəfin itirdiyi hərbi texnikaların, artilleriya vasitələrinin və digər hərbi vasitələrin sayına baxsaq, müharibədən sonra hansı bir zəif güc, potensialla qaldıqlarını görsək, onların heç Azərbaycan Ordusu ilə lokal döyüşlərə başlamaq gücündə olmadıqlarını anlayarıq. Mən hələ məsələnin psixoloji tərəfini demirəm ki, erməni cəmiyyəti bu məğlubiyyətdən sonra hansı travmalar alıb. Digər tərəfdən, artıq Dağlıq Qarabağla bağlı sadə vətəndaşlarda qıcıq yaradacaq düşüncələr formalaşıb. Bu yaxınlarda hərbi çağırışla əlaqədar böyük bir qalmaqal yaranmışdı. Həmin vaxtı əsgərlərin valideynləri boşuna ayağa qalxmamışdılar. Valideynlər narazılıq edirdilər ki, övladları yenidən ölkə ərazisindən kənarda xidmət aparmasınlar. Yəni belə bir maddi-texniki və insan resursları ilə bağlı böhranın fonunda nəinki yaxın zamanlarda, heç qarşıdakı aylarda da müharibə ehtimalı yaranmır”.

Şair Ramaldanov vurğulayıb ki, təlim məsələsindən öncə erməni ordusunun modernləşdirilməsi, yenidən bərpa olunması barədə fikirlər yayılmışdı. Lakin bunun baş tutması indiki durumda real görünmür.

“Ordunu yenidən bərpa etmək üçün külli miqdarda pul tələb edilir. Bu işdə diasporun daim fəal olduğunu görsək, indiki halda həmin xarici qüvvənin də orduya dəyəri milyonlarla dollar ölçülən maddi yardımlar ayıracağı real görünmür. Onlar müharibə vaxtı maddi cəhətdən az axsamadılar. Öz vəsaitlərini Ermənistana, orduya yönəltdilər. Digər tərəfdən xarici qüvvələr, ölkələr silahlandırma işlərinə başlasalar belə, bu kreditlərlə baş tutacaq. Buna isə uzun zaman lazımdır. Lap Ermənistan surətlə silahlandırılsa da, yaxın zamanda yeni müharibə apara bilməzlər.

Artıq Azərbaycan yenidən silahlanma və revanşizm meyllərinə tutarlı şəkildə cavab verib. Ali Baş Komandan cənab İlham Əliyev bütün bu qüvvələrə açıq şəkildə mesajını göndərdi ki, Azərbaycan bundan sonra da güclü ordusunu inkişaf etdirəcək, ən müasir silahlar alınacaq. Əgər ölkəmizə qarşı hər hansı bir təxribatlar olarsa, məşhur dəmir yumruğu yenidən işə salacaq. Təbii ki, ölkə başçısı bu fikirləri ilk növbədə Ermənistanın siyasi elitası üçün nəzərdə tutub səsləndirmişdi. Çünki Azərbaycanın başqa bir düşməni yoxdur. Rəsmi Bakı bütün qonşuları ilə strateji əməkdaşlıq səviyyəsində münasibətlər qurub, böyük beynəlxalq layihələri birgə reallaşdırır”.



Ekspertin fikrincə, erməni diasporu ilə yanaşı hələ də başqa maraqlı dairələr var ki, Cənubi Qafqazda münaqişəni yenidən alovlandırmağa çalışırlar. Amma 44 günlük müharibə münaqişə ilə bağlı məsələlərə yanaşma tərzini dəyişib. Çünki indi iqtisadi maraqlar, qarşıdakı illərdə regionu xeyli dərəcədə inkişaf etdirəcək yeni nəqliyyat dəhlizi önə çıxır. İtaliyadan tutmuş, bir sıra güclü dövlətlərə qədər artıq beynəlxalq güclər Qarabağda reallaşacaq yeni layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirirlər:

“Bu gün müzakirə mövzusu müharibə deyil, Naxçıvandan keçən yeni nəqliyyat kommunikasiya şəbəkəsinin qurulmasıdır. Artıq Rusiya kimi böyük dövlət də bu məsələlərlə bağlı yeni iqtisadi planlarını qurur. Elə İran da. Yəni müharibə regionun siyasi xəritəsini, iqtisadi maraqlarını tamamilə dəyişib, indi dövlətlərin birgə layihələr həyata keçirmələri ilə bağlı böyük planları ortaya qoyulur. Bu layihələrin bir qisminin məhz Ermənistan ərazisindən keçəcək dəhlizlə sıx bağlı olması adi hal deyil. Düşünürəm ki, erməni cəmiyyəti artıq bu çəkişmələrdən yorulub. İşlər başlasa, dəhliz açılsa, iqtisadiyyat irəli getsə, sadə insanlar da bu cür layihələrə, inkişafa üstünlük verəcəklər. Gələcəkdə ölkəyə rəhbərlik edəcək siyasətçiləri cəmiyyət ona görə dəstəkləyəcək ki, onlar xəstə təxəyyülün məhsulu olan “Böyük Ermənistan” və digər planları deyil, xalqın yaşayışını, inkişafı, əməkdaşlığı önə çəksinlər. Zamanla revanşizm, miflərlə bağlı məsələlər öz həllini tapacaq. Əlbəttə, bundan sonra güclü Azərbaycan Ordusu darmadağın edilmiş Ermənistan ordusu ilə müqayisə edilə bilməz. Ümumiyyətlə, erməni ordusu güclü olsaydı, 30 il ərzində silahlanan ordu kimi bizim hərbçilərin qarşısını alardı. 44 gün tab gətirmədilər, deməli, heç əvvəl də güclü olmayıblar. Bundan sonra on dəfə genişmiqyaslı təlimlər keçirsələr belə, bizim Ordunun səviyyəsinə çata bilməyəcəklər”.

Şair Ramaldanov Azərbaycanın ehtiyat tədbirlərini əldən verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, istisna etmək olmaz ki, təxribatçı qüvvələr baş qaldırıb, sərhəddə və ya hələlik bərpa edilməmiş dağıdılmış ərazilərimizdə müəyyən terror hərəkətlərinə yol versinlər. Təxribatçılar diaspor və başqa qüvvələrin maliyyəsi ilə hərəkət edə bilərlər:

“Ola bilsin ki, hələlik yerli əhalinin qayıtmadığı minalı ərazilər, dağılmış kənd və meşələrdə, dağlarda yeni təxribatlar olsun. Yəni bu boşluqlarda hansısa quldur qruplar öz maraqlarına xidmət edən addımlara cəhd edə bilərlər. Bu, təbii ki, ehtimaldır. Çünki biz bilirik ki, Ermənistan müharibəyə qədər partizan hərəkatı adı altında proseslərə hazırlıq görürdü. Düşərgələr qurmuşdular, burada millətçi və terrorçuları hazırlamışdılar. Yəni bununla əlaqədar Azərbaycanın müvafiq güc strukturları müəyyən araşdırma və hazırlıq işləri aparırlar. Hər hansı təxribatın qarşısını almaq üçün işğaldan azad olunmuş ərazilərdə anti-terror əməliyyatının keçirilməsi ilə bağlı artıq təcrübəmiz var. Müharibədən sonra Hadrut istiqamətində gizli hücumlar quran 70 nəfərə qədər terrorçu qrupu tərksilah etmişdik. Ermənistan hələ də əl-ayağa düşüb ki, həmin quldur qruplara əsir statusu verilsin. Amma bu artıq real görünmür. Azərbaycan dövləti terrorçularla bağlı kompromissiz mövqe tutub. Cinayətkarlar törətdiyi əməllərə görə qanun qarşısında cavab verməlidirlər ki, gələcəkdə belə quldur dəstələri yenidən baş qaldırmasın. Digər revanşistlər də bilsinlər ki, terrorçuluğu, quldurluğu nələr gözləyir. Qısası, son prosesləri analiz etdikdə irimiqyaslı hansısa müharibə haqqında konkret proqnoz vermək olmaz. Müəyyən təxribatlar, terror, quldur qruplarının baş qaldırması istisna edilmir ki, onlara qarşı da hərbi əməliyyatlar həyata keçiriləcək. İstisna etmirik ki, revanşistlər, faşist düşüncəli ermənilər nə zamansa təxribatlara əl atalar. Amma aşkar hücumlar olarsa, ikiqat cavab alacaqlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Hərbi-təlim   Ermənistan   Qarabağ   Revanşist   Müharibə  



Xəbər lenti