“Səhərə kimi yuxuda Ağdamın xarabalıqlarını gördüm” - Səfər təəssüratı

 “Səhərə kimi yuxuda Ağdamın xarabalıqlarını gördüm” -  Səfər təəssüratı
  15 Mart 2021    Oxunub:3698
“Gecə səhərə kimi yuxuda Ağdam xarabalıqlarını gördüm. Çay evi, telefon köşkü, yarımçıq söhbətlər və yarımçıq talelər gözümün qabağından getmirdi”.
Bunu Azvision.az -a Ağdam səfərindən yeni qayıdan jurnalist, yazıçı Azər Qismət şəhərdə gördüyü dəhşətlərdən söz açarkən deyib. Ağdamla bağlı xatirələrini dilə gətirən yazar işğaldan öncə orada 1987-ci ildə olduğunu bildirib.

“Şəhər böyük, əzəmətli, adamları isə çılğın, emosional və mehriban idilər. Şəhərdə evlər ağ mişar daşından tikilirdi. Azərbaycanın demək olar ki, əksər rayonlarında ikimərtəbəli ev olmayanda Ağdamda bir neçə mərtəbədən ibarət mənzillər var idi. Çünki o yerlərin insanları müasirliyə can atan olublar. Ağdam çay evini ermənilər raketlə vurmuşdular, yerində dəmir parçaları qalmışdı. Səfərimiz zamanı həmin qalıqları da görmədik. Bizə bildirdilər ki, təmir edilməsi üçün aparılıb.



Orada paslı telefon köşkünü görəndə gözüm doldu. O telefon vasitəsi ilə oğlanlar, qızlar bir-birlərinə nə qədər sevgilər etiraf ediblər, həyacanlı xəbərlər veriblər və ya vaxtları bitib, həyat söhbətləri yarımçıq qalıb. Erməni gülləsi həmin oğlanları, həmin qızları şəhid etdi, həyatda da hekayələri yarımçıq kəsildi.

Ağdam haqqında indi ruhlar şəhəri, Hirosima deyirlər, amma yaxınlaşıb o xarabalıqları görəndə başa düşürsən ki, düşmən sənin mənliyinlə, mənəviyyatınla oynayıb. Sanki düşmən səni ələ salıb".



Azər Qismət Ağdamda ərazilərin minalı olması səbəbindən çox yerə gedə bilmədiyini söyləyib:

"Biz çox gedə bilmirdik. Hər yerə mina idi. Elə evlər var ki, daşlarına hücum ediblər, söküb aparıblar. Köhnə maşınların içərisini söküb satıblar. Az qalıblar ki, torpağı eşib Ağdamın soxulcanından da xeyir görsünlər. Bu dərəcədə pis düşmən bizə nəsib olub. Oradakı villaları, imarətləri yer üzündən siliblər. İnsan şüuruna yerləşməyən hərəkətlərdir. Belə bir vəziyyəti görən insanlar ermənilərlə necə mehriban qonşuluq vəziyyətində yaşaya bilər? Bunun üçün gərək insanın beyin damarlarını kəsəsən ki, hər şeyi unutsun. Bu isə mümkün deyil.



Səfəri yekunlaşdırıb, gecə saat 2-də Bakıya qayıtdıq. Avtobusla gələndə az qala hönkürmək istəyirdim. Bütün gecə yuxumda mən Ağdamın xarabalıqlarını gördüm. Dünyanın inkişafa getdiyi bir əsrdə Xocalı kimi qətl törədəsən, bir şəhəri yox edəsən. Bunu ibtidai icma quruluşundakı vəhşi tayfa da etməzdi.

Əlini uzadıb göstərmək üçün bir dənə salamaat bina yox idi. Ermənini bağışlamaq olmaz. Hansı mehriban qonşuluqdan söhbət gedə bilər?!



Rus ordusu Fin körfəzində yerləşən Vıborq şəhərinə hücum edən zaman finli bir ailənin xanımı yaşadığı evi tərk edərkən həyətindəki gülü dərib stolun üzərindəki güldana qoymuşdu. Həyat yoldaşı artıq onların bir də bu evə qayıda biləməyəcəklərini, yurdlarının işğal olunduğunu deyəndə qadın maraqlı cavab vermişdi. O demişdi ki, “Qoy düşmən gələndə burada insanın yaşadığını görsün”.



Azərbaycanlılar da Ağdamı və digər şəhərlərimizi tərk etmək məcburiyyətində qalanda evlərini süpürüb, silib çıxmışdılar. Göstərmişdilər ki, burada sivil insan yaşayıb. İndi o evlərin daşı daş üstdə qalmayıb.

Şəhərdə xeyli nar ağacları əkiblər. Hər il gəlib oradan yeşiklərlə nar aparırmışlar. Ağacdan bir nar qırıb yedim. İlahi, o qədər dadlı idi. Torpağın bərəkəti ona özəl dad vermişdi. Belə dadlı narı olan torpağın sakinini didərgin salamağa dünyada heç kimin ixtiyarı yoxdur”.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ağdam  






Xəbər lenti