Ermənistan müxalifətinin təklifi rədd edildi

 Ermənistan müxalifətinin təklifi rədd edildi
  15 Mart 2021    Oxunub:1734
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyası müxalifətin hərbi vəziyyət rejiminin ləğvi barədə qərar layihəsini rədd edib.
Azvision.az xəbər verir ki, bu barədə komissiyanın rəhbəri Andranik Koçaryan deyib.

O bildirib ki, layihə komissiya tərəfindən müsbət rəy almayıb və parlamentin plenar iclasına çıxarılmayacaq.

“Ancaq bunu özünüz müzakirə üçün gündəmə gətirə bilərsiniz", - deyə Koçaryan əlavə edib.

Layihə "Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" müxalifət fraksiyaları tərəfindən hazırlanaraq təqdim edilib.

"Çiçəklənən Ermənistan"dan olan deputat Arman Abovyan daha əvvəl bildirib ki, de-yure hələ də Ermənistanda qüvvədə olan hərbi vəziyyət ölkədəki mövcud duruma uyğun gəlmir, siyasi proseslərə mane olur.

Koçaryanın sözlərinə görə, hərbi vəziyyətin bu və ya digər şəkildə ləğvi erkən parlament seçkiləri ilə bağlı qərar veriləcəyi təqdirdə mümkündür. O, həmçinin əlavə edib ki, hökumətin müvafiq təşəbbüsünü gözləmək lazımdır.

Xatırladaq ki, Ermənistanda keçən il sentyabrın 27-də Qarabağdakı müharibəyə görə hərbi vəziyyət elan edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: hərbivəziyyət  



Xəbər lenti