“Ter-Petrosyan baş naziri xaricə qaçırmağı təklif edir” - Erməni deputat
"Levon baş nazir üçün humanitar bir dəhliz yaratmağı və onu xaricə qaçırmağı təklif edir. Bəs təslim edilən Qarabağ və minlərlə qurban üçün kim cavabdeh olacaq? Baş nazir və onun siyasi qüvvəsi biabırçı məğlubiyyətin məsuliyyətindən yayınmaqla yanaşı, dövləti gücləndirmək üçün deyil, nəyin bahasına olursa olsun hakimiyyətini qorumaq üçün vəsvəsəli şəkildə ölkəyə rəhbərlik edir. Erkən seçki keçiriləcəyi təqdirdə hakim partiyanın bütün seçki məntəqələrini gərginlik ocağına çevirəcəyi, inzibati resurslardan geniş istifadə ediləcəyi fikri ilə razıyam. Əminəm ki, bu halda biz Ermənistan tarixinin ən biabırçı seçkilərinin şahidi olacağıq. Bu isə, erməni dövlətçiliyinin sonu və ya uzunmüddətli kabusun yaranması olacaq", - Naira Zohrabyan bildirib.
Xatırladaq ki, Levon Ter-Petrosyan Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolunu baş nazir Nikol Paşinyanın dərhal istefa verməsində görür. Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.
Sabiq prezidentin fikrincə, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir ki, o da ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.
Tural Tağıyev
Azvision.az
Teqlər: Paşinyan Seçki Erməni-deputat







Vaxtında, Aydın, Lazımlı!


