Hindistanda maoistlərlə qarşıdurmada 23 hərbçi ölüb

Hindistanda maoistlərlə qarşıdurmada 23 hərbçi ölüb
  05 Aprel 2021    Oxunub:1266
Hindistanın Çxattisqarx ştatında bir qrup maoist yaraqlıları ilə qarşıdurmada həlak olan hərbçilərin sayı 23-ə çatıb.
Azvision.az “The Times of India”ya istinadla xəbər verir ki, daha 33 nəfər yaralanıb.

Üsyançılar təhlükəsizlik qüvvələrini Bijapur bölgəsindəki cəngəllikdə pusquya salıb. Sağ qalan əsgərlərin sözlərinə görə, pusquda 400-ə yaxın yaraqlı olub. Döyüşdə 12 maoist öldürülüb, 16 nəfər yaralanıb.

Hindistan Baş naziri Narendra Modi döyüşdə həlak olanların ailələrinə başsağlığı verib, yaralılara tez bir zamanda sağalmağı arzulayıb.

Maoistlər ölkədə 1960-cı illərdən fəaliyyət göstərirlər. Onlar maoizmi, marksizm-leninizmi öz versiyalarına uyğun təbliğ edirlər və hazırda Hindistanın 28 ştatının 14-də aktivdirlər.
Onlar meşələrdə gizlənərək məmurlara və polisə hücum edirlər. Rəsmi Dehli maoistləri ölkənin təhlükəsizliyi üçün əsas daxili təhdidlərdən biri hesab edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  



Xəbər lenti