Hakimliyə namizədlər üçün imtahan keçirilib
Həmçinin hakimliyə namizədlərin seçim prosesi davamlı xarakter alaraq sənədlərini təqdim etmiş 230-dək namizədlə ötən ay test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub. 60 və daha artıq bal toplamış 157 nəfər namizəd növbəti mərhələyə - yazılı imtahana buraxılıb.
Aprel ayının 9-da Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib.
İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.
4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Cavab vərəqələri tam anonimləşdirildikdən sonra ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaq.
Eyni zamanda, Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq arzusunda olan hüquqşünaslar müsabiqəyə dəvət olunurlar.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


