“Rusiya ABŞ-la məzələnir” - Çindən reaksiya

 “Rusiya ABŞ-la məzələnir” -  Çindən reaksiya
  29 İyun 2021    Oxunub:1050
Rusiyanın ABŞ dollarından imtina etməsi planı Çində gündəm mövzusuna çevrilib. Dollardan imtina etməklə, Rusiya, böyük ehtimalla, Amerikanın hegemonluğuna etiraz edir. Çinin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Orta Asiya İnstitutunun elmi tədqiqatçısı Çen İtszyun belə deyib.
Ekspert hesab edir ki, Çin və Avropadan fərqli olaraq, ABŞ Moskvanın əsas ticarət tərəfdaşı olmadığı üçün, dollarsızlaşma Rusiyaya elə də güclü təsir etməyəcək. Bununla yanaşı, Rusiya valyutası sabit ödəmə vasitəsi kimi tanınır.

- Beynəlxalq hesablaşmalarda dolların dəyişdirilməsi prosesində dollardan imtina etməklə Moskva sadəcə olaraq, ABŞ-la “məzələnmək” istəyir, - deyə, Çen İtszyun fikrini izah edib.

Vaşinqton üçün isə, Rusiya hökumətinin bu hərəkəti bir növ alçaldıcıdır, çünki Moskvanın demarşı Vaşinqtonu "müttəfiqləri qarşısında naqolay vəziyyətdə" qoyacaq.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın maliyyə naziri Anton Siluanov Milli Sərvət Fondunun (ФНБ) Amerika valyutasından tamamilə “qurtulmaq” planlarını açıqlamışdı. Nazir bildirmişdi ki, dolların əvəzinə valyuta səbətində avro və yuanın payı artacaq, hətta qızıl da əlavə ediləcək. Daha sonra, baş nazirin birinci müavini Andrey Belousov, dolların milli fondun strukturundan çıxarılmasının ABŞ-ın Rusiyaya sanksiya təhdidinə cavab olduğunu dedi.

Kremlin rəsmi təmsilçisi Dmitri Peskov isə öz növbəsində, dedollarizasiyanın qalıcı bir proses olduğunu bəyan edib. O, qeyd edib ki, bu addımın səbəblərindən biri də, Rusiyanın bir çox ölkələr kimi əsas ehtiyat valyutasının etibarlığı ilə bağlı narahatlığıdır.

Bütün bu söylənilənlərlə yanaşı, iyunun 28-də Rusiya Mərkəzi Bankı dolların Rusiya ehtiyatlarının bir hissəsi olaraq qalacağını təsdiqlədi. Tənzimləyici qurumun rəhbəri Elvira Nabiullina Mərkəzi Bankın ortaya çıxan geosiyasi riskləri nəzərə alaraq, belə bir qərar verdiyini bildirdi.

ABŞ-a gəlincə, Vaşinqton bəyan edib ki, Rusiya və Çinin dollardan imtina qərarından qorxmurlar. ABŞ-ın Federal Rezerv Sisteminin rəhbəri Jerome Powell konqresmenlər qarşısında çıxışı zamanı dolların dünya səviyyəsində bir ehtiyat valyutası olduğunu və "onunla rəqabət edə biləcək başqa bir valyuta tanımadığını" deyib.

Səbinə Həsənova

Azvision.az


Teqlər: Dollar   Rusiya  



Xəbər lenti