Kolumbiya şirkətləri Qarabağda bərpa-quruculuq işlərinə qatıla bilər - Səfir

  Kolumbiya şirkətləri Qarabağda bərpa-quruculuq işlərinə qatıla bilər  -  Səfir
  09 İyul 2021    Oxunub:1645
Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edirik. Ölkələrimiz arasında ticarət sahəsini inkişaf etdirmək niyyətindəyik.
Bunu Azvision.az - a açıqlamasında Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib.

Diplomat bildirib ki, pandemiya qlobal şəkildə bütün ölkələrin planlarını alt-üst edib: “Lakin biz çalışdıq ki, səfirlik olaraq Azərbaycanla əməkdaşlığımızı dayandırmayaq. İstər virtual, istərsə də fiziki şəkildə bütün imkanlardan istifadə edərək Azərbaycan hökuməti, biznes nümayəndələri ilə görüşlər keçirdik. Pandemiya dövründə əlaqələri dinamikləşdirməyə çalışdıq ki, ritmimiz aşağı düşməsin. Ümid edirəm ki, pandemiyadan sonra əməkdaşlığımız daha sürətlə inkişaf edəcək. İdeyalarımız və planlarımız çoxdur”.

Səfir xatırladıb ki, Kolumbiya hökuməti Azərbaycanda diplomatik missiyasını 2014-cü ildə Sakit Okean Alyansı çərçivəsində açıb.

“Lakin diplomatik münasibətlərimiz 90-cı illərə uzanır, bu münasibətlərin yaradılmasının 25 illiyini 2019-cu ildə qeyd etmişik. Bu 25 ildə Azərbaycanla daimi və konstruktiv siyasi dialoqumuzun əsasında çox geniş və müsbət əlaqələr qurmağa nail olmuşuq. Elə bir əlaqə ki, bu, ticarət, mədəni, təhsil və texniki əməkdaşlıq sahələrində daha çox inkişaf edir. Prezident İlham Əliyevə Kolumbiyanın Bakıdakı birinci səfiri kimi etimadnaməmi təqdim etdiyim zaman Azərbaycanla əlaqələrimizi genişləndirmək naminə səy göstərəcəyimi bildirmişdim. Biz, münasibətlərimizin gələcəyinə ümidlə baxırıq, çünki hər iki ölkənin böyük potensiala malik olması, siyasi və iqtisadi sabitlikdən irəli gələn inam bizə bunu əminliklə deməyə imkan verir”.

Onun sözlərinə görə, Azərbaycanı özlərinə hər zaman dost ölkə, böyük iqtisadi və siyasi inkişafa malik, mühüm strateji mövqeyi, zəngin təbii yataqları və xüsusən də insan kapitalına yatırımlar edən dövlət kimi görürlər.

Luis Antonio Dimate Kardenas Kolumbiyanın da böyük potensiala malik olduğunu söyləyib.

Səfir bildirib ki, Kolumbiya hökuməti işğaldan azad edilmiş ərazilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bütün layihələri yaxından izləyir və mütamadi olaraq öz hökumətinə məlumat verir.

“Mənim ölkəmdə bu təşəbbüsü müsbət qarşılayırlar. Ümumiyyətlə, Kolumbiya hökuməti ötən ilin noyabr ayında Qarabağa dair imzalanmış üçtərəfli bəyanatı alıqşlayır. Hər zaman Qarabağ mövzusunda Azərbaycanın tərəfində olub, BMT-nin qətnamələrinin icrasını mütləq şəkildə tələb edib. Azərbaycanı dost ölkə kimi görürük, Qarabağdakı bütün layihələri də yaxından izləyirik", - səfir əlavə edib.

Kolumbiya şirkətlərinin Qarabağdakı bərpa-yenidənqurma işlərində çalışa bilməsi imkanlarına gəlincə, Luis Antonio Dimate Kardenas söyləyib ki,
ölkələrimiz bir-birindən çox uzaq məsafədə yerləşdiyi üçün bu, çətinlik yaradır.

“Hazırda Qarabağda Kolumbiya şirkətlərinin iştirakçılığı yoxdur. Lakin gələcəkdə bu iştirakçılığın olub-olmayacağı ilə bağlı indidən nəsə deyə bilmərəm. Onu vurğulayım ki, hər iki ölkənin marağına uyğun layihələr olarsa, biz həmin prosesdə iştirak edə bilərik”.

Səfir əlavə edib ki, 2018-ci ildə hər iki ölkənin maraq dairəsi çərçivəsində Kolumbiyada nar bağları salınmağa başlayıb: "Bu layihə bizə texniki əməkdaşlığa dair bütün qapıları açdı. Biz bu cür əməkdaşlığı müsbət qiymətləndiririk. Hazırda digər məhsulların üzərində düşünürük, məsələn fındıq bağlarının salınması və s.".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Azərbaycan   Kolumbiya   Qarabağ  



Xəbər lenti