Mərhələli şəkildə bir neçə yüz yanğınsöndürən, xüsusi təyyarə və texnikaları Türkiyəyə göndərən Azərbaycan hazırda əsl qardaşlıq nümayiş etdirir. Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupları hələ də yanğın bölgələrində sözün həqiqi mənasında qəhrəmanlıq və əzmkarlıq göstərirlər.
Əslində belə də olmalı idi. Çünki biz yardıma qaçarkən sıradan bir ölkəyə dəstək olmuruq, özümüzə doğma bildiyimiz, bir millət saydığımız Türkiyə üçün fədakarlıqlar edirik. Daha doğrusu hazırda meşələrdə həyatını riskə atan yanğınsöndürənlərimiz tarix yazaraq fədakarlıqlar edirlər.
Necə ki, 44 günlük Vətən müharibəsində hərbçilərimiz qardaş ölkənin mənəvi və siyasi dəstəyi ilə tarix yazdı, eləcə də hazırda qəhərman yanğınsöndürənlər ağır günlər yaşayan Türkiyədə yeni faciələrin qarşısını alırlar.
Biz hər zaman siyasət meydanında, beynəlxalq arenada, regional layihələrdə, ümumiyyətlə bütün sahələrdə birgə addımlayaraq öz həmrəyliyimizi nümayiş etdirmişik. Buna ən son və tutarlı nümunə isə ötən ilin sonunda baş verən İkinci Qarabağ müharibəsi oldu. Müharibəyə qədər və döyüşlər zamanı nümayiş etdirilmiş hərbi-siyasi birlik, həmrəylik bu gün ikinci bir düşmənlə-təbii fəlakətlə mübarizədə özünü göstərir. Azərbaycanın qardaş ölkəyə göstərdiyi hazırkı dəstəyi bu qırılmaz, yenilməz həmrəyliyin davamı saymaq olar.
|
| Lökbatanda yanğının söndürülməsi davam edir │ FOTOLAR |
Əslində Türkiyəyə daha çox ölkə yardım edə bilərdi. Məsələn, yaxın qonşusu olan Yunanıstanın meşə yanğınları ilə bağlı böyük təcrübəsi və xeyli də texniki imkanları var. Amma nəinki yunanlar, heç digər Avropanın aparıcı dövlətləri, super gücləri belə bölgədə ciddi ekoloji fəlakətə yol açan bu meşə yanğınlarına qarşı mübarizədə hər hansı ciddi dəstək nümayiş etdirmirlər. Fransa əvvəlcə təyyarələr göndərəcəyini bəyan etsə də, sonradan bu məsələni qapadı. Yalnız Ukrayna, Rusiya müəyyən yardımlara əl atdılar ki, bu da Azərbaycan kimi ardıcıl dəstək xarakteri almadı.
Azərbaycan bu gün də yanğınlarla mücadilə edən türkiyəli qardaşlarının sonadək yanında olacağını nümayiş etdirdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu səhər saatlarında Türkiyə yola düşüb. Ümumilikdə isə qardaş ölkədəki yanğın bölgələrinə 500 nəfərə yaxın şəxsi heyət göndərilib. 100 yanğınsöndürən maşın, helicopter və “BE-200ÇS" tipli amfibiya təyyarəsi hazırda Türkiyədə fəaliyyət göstərir.
Bir sözlə, Azərbaycan-Türkiyə birliyi bu təbii fəlakətlə mübarizədə bir daha özünü doğrultdu, Azərbaycan sıradan bir qonşu, ölkə kimi davranmadı, “bir millət iki dövlət” milli konsepsiyasının reallıqlara əsaslandığını sübut etdi.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


