Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə avqustun 7-də Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bununla da strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda genişmiqyaslı döyüşlər başladı. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi.
|
| "The Hill": "ABŞ və Rusiya nüvə savaşına hazırdır" |
Müharibə yalnız quruda və havada deyil, su hövzələrində də aparıldı. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya almağı bacardı. Döyüşlərin gedişində Rusiya Hərbi Hava Qüvvələri münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirmişdi.
Bu müharibə hərbi əməliyyatlarla birlikdə kiberəməliyyatların da aparıldığı ilk savaş kimi tarixə keçdi. Aktiv informasiya müharibəsi həm döyüşlər ərzində, həm də daha sonra davam etdi. 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatdı.
Rus qoşunları müharibə ərzində Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini tutub, atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı. Cənubi osetiyalılar isə gürcü kəndlərinin əksər hissəsini dağıtdılar və müharibəyə qədər burada yaşayan gürcülər etnik təmizləməyə məruz qaldı.
Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Moskva 8 oktyabr tarixinə qədər öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonasına aid olmayan ərazilərindən geri çəkdi.
5 günlük döyüşlər zamanı 192.000 nəfər məcburi köçkün vəziyyətinə düşsə də, onların çox hissəsi müharibə başa çatdıqdan sonra əvvəlki yaşayış yerlərinə qayıtdı. Bu gün də məlum münaqişə səbəbindən Gürcüstanla Rusiya arasında soyuq münasibətlər davam edir, diplomatik əlaqələr isə bərpa olunmayıb.
Münasibətlərə dair ən son açıqlama dünən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzedən gəlib. O bəyan edib ki, Gürcüstan Rusiya ilə dilomatik münasibətləri bərpa etməyəcək. Kobaxidzenin sözlərinə görə, rəsmi Tbilisi Moskva ilə ticarət, iqtisadi və humanitar əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
Azvision.az 21-ci əsrdə Avropada baş verən ilk müharibədən olan fotoları təqdim edir:
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


