Çin-ABŞ münasibətlərini Azvision.az –a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, səfir Vaşinqtonu əməkdaşlığa çağırarkən virusun Çin laboratoriyasında hazırlandığı iddiaları Amerikada yenidən müzakirə predmetinə çevrilib. ABŞ Konqresi də bu qənaətdədir ki, virus Çin laboratoriyasında hazırlanıb və dünyaya yayılıb. Bu cür iddialar varkən Vaşinqtonun pandemiyaya qarşı Pekinlə birgə mübarizə aparacağı ağlabatan deyil. O iki ölkə arasında yeni narazılıq nöqtəsinin meydana çıxmasını da diqqətçəkən amil kimi qiymətləndirib:
“Çünki Pekin virusun laboratoriyadan yayılması iddiasını rədd edir . Pekinin inkarçı siyasəti isə Vaşinqtonun xoşuna gəlmir. Bu arada, ABŞ-la Çin arasında yeni ixtilaf mövzusu peyda olub. Vaşinqton Honkonq sakinlərinə müvəqqəti sığınacaq verən memorandum yayımlayıb. Asiya nəhəngi bu memorandumun əleyhinə çıxıb. Pekin hesab edir ki, haqqında danışılan memorandum Çinin daxili işlərinə qarışmasıdır.
Xarici İşlər Nazirliyinin bəyanatında bu barədə deyilir-“Amerika Honkonqun və Çinin daxili işlərinə qarışmamalıdır. Vaşinqtonun qəbul etdiyi memorandum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
Vaşinqton fərqli düşünür. Prezidenti Co Bayden artıq memorandumu imzalayıb. ABŞ hesab edir ki, Çin rejimi Honkonqda yaşayan bir qrup fəalı təqib və həbs edə bilər. Memoranduma görə, honkonqlulara nəinki sığınacaq, Amerikada əmək fəaliyyətlərini davam etdirmək imkanı da veriləcək . Söhbət Honkonqda Çin əleyhinə mitinq və küçə yürüşlərində iştirak edən və Pekinin siyasətini sərt tənqid edən honkonqlulardan gedir”.
Politoloq deyir ki, bu məsələdə ABŞ-a Böyük Britaniya da dəstək verib . Xarici işlər naziri Dominik Raab deyib ki, London Vaşinqtonun Honkonq sakinlərinə sığınacaq verən qərarını dəstəkləyir. London Honkonqun taleyinə biganə deyil. Məsələ burasındadır ki, 1997-c ilə qədər Honkonq Böyük Britaniyanın mandatı altında olub. 1997-ci ilə kimi Honkonqda anadan olanların bir qismi Böyük Britaniya pasportlarına malik olublar. Ona görə də London öz vətəndaşlarını düşünmək məcburiyyətindədir.
Beləliklə, Honkonq ətrafındakı durum Pekinlə Vaşinqton və London arasında yeni gərginlik ocağı yaradıb və gərginliyi azaltmaq Çinin Amerikadakı yeni səfirinin imkanı xaricindədir.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


