İsrail Polşadakı səfirini geri çağırıb

   İsrail Polşadakı səfirini geri çağırıb
  16 Avqust 2021    Oxunub:1131
İsrail XİN-in başçısı Yair Lapid ölkəsinin Varşavadakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb. Buna səbəb Polşa prezidenti Anjey Dudanın “Holokost” zamanı sağ qalanların hüquqlarını, onların əlindən alınan əmlakın restutiyasını məhdudlaşdıran qanunvericiliyə edilən düzəlişləri imzalamasıdir.
Azvision.az xəbər verir ki, bu barədə İsrail xarici siyasət idarəsinin rəsmi saytında məlumat verilib.
“Polşanın antisemit və mənəviyyata zidd qanunu təqdir etməsi ilk dəfə deyil. Bu axşam mən Varşavadakı səfirimizə təcili məsləhətləşmələr üçün İsrailə qayıtmasını tapşırdım”, - Lapidin bəyanatında deyilir.

Onun sözlərinə görə, İsrailin Polşadakı yeni səfiri tezliklə Varşavaya yola düşməliydi, lakin XİN-də ona “məzuniyyətini öz ölkəsində davam etdirməyi” tövsiyə ediblər.
“Bu gün Polşa bəşəriyyət tarixinin nəhəng faciəsinə hörmət qoymayan antidemokratik və qeyri-liberal ölkəyə çevrilib” , - İsrail XİN başçısı bildirib.

O əlavə edib ki, ölkəsi sözügedən qanunun qəbuluna necə reaksiya verməklə bağlı ABŞ nümayəndələri ilə danışıqlar aparır. Lapidin fikrincə, bu hadisəyə “susmaq olmaz”.

“Bu, “Holokost” qurbanlarının xatirəsinə qarşı rüsvayçı bir nifrət və utanc verici qərardır. İsrail bu qanunun qəbuluna neqativ yanaşır... İsrail bu addıma biganə qalmayacaq”, - o deyib.

Xatırladırıq ki, bir müddət əvvəl Polşa parlamenti inzibati qərarların çıxarılmasından, o cümlədən mülkiyyət hüququn təsdiqindən 30 il keçdikdən sonra onun şübhə altına alınmasının mümkünsüzlüyü haqda qanunvericiliyə düzəlişlər edib. Avqustun 14-də Polşa prezidenti Anjey Duda sənədi imzalayıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Polşa   İsrail   Holokost  



Xəbər lenti