"1 milyard 400 milyon dollarımızı alacağıq" - Türkiyə lideri

   "1 milyard 400 milyon dollarımızı alacağıq" -  Türkiyə lideri
  21 Oktyabr 2021    Oxunub:1365
Türkiyə "F-35" qırıcılarının alınması ilə bağlı məsələni Romada keçiriləcək “G20”nin sammitində ABŞ tərəfi ilə müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə deyib.

O bildirib ki, "F-35"lə bağlı hazırda aşağı səviyyəli danışıqlar gedir.

“Biz 1 milyard 400 milyon dollarımızı bu və ya digər şəkildə alacağıq. Bütün bunlar müzakirə edilir. Hazırda müdafiə nazirlərimiz bu danışıqları qarşılıqlı şəkildə aparırlar. İndi bizim milli müdafiə nazirimiz ABŞ-dan olan həmkarı ilə görüşəcək. Əlbəttə ki, bu barədə Romada "G20" toplantısında Baydenlə danışacağam. "Nə edirik, nə baş verir?" deyə soruşacağıq. Heç bir halda Türkiyənin hüquqlarının pozulmasına icazə verməyəcəyik", - Ərdoğan söyləyib.

Xatırladaq ki, Türkiyə “F-35” üçün 1,4 milyard dollar ödəyib, lakin ABŞ bu qırıcıları satmaqdan imtina edir. Səbəb kimi isə Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasını göstərir. Daha əvvəl, məsələyə münasibət bildirən Türkiyə lideri bəyan etmişdi ki, ABŞ "Patriot" raketdən müdafiə sistemini Türkiyəyə satsaydı, Ankara "S-400"ləri almaq məcburiyyətində qalmayacaqdı.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   F-35  





Xəbər lenti