Qamışlı bazasında 2 ədəd Ka-52 zərbəçi helikopterin qeydə alındığı bildirilir. Təyyarələrin İran və İraqın hava məkanları üzərindən göndərildiyi deyilir.
Rusiya hərbi hava qüvvələrinin komandanlığı Suriyaya əlavə qırıcıların göndərildiyi barədə hələlik heç bir açıqlama verməyib. Digər məlumatlara görə, Türkiyə ilə həmsərhəd olan Ayn-İssa qəsəbəsindəki rus bazası da gücləndirilib. Əvvəllər Suriya milli ordusunun zərbələrindən sonra rusların buranı tərk etdikləri deyilirdi. Amma yeni vizual görüntülər rusların bazada mövcudluğunu və orada əlavə işlərin aparıldığını sübut edir.
Buna qədər Rusiya aviasiyası Suriyanın şimalında, o cümlədən də Türkiyə sərhədinin yaxınlığında dəfələrlə Suriya milli ordusunun mövqelərinə hava zərbələri endirib. Ötən şənbə günü ən azı 25 belə aviazərbə qeydə alınıb.
Türk mənbələri Suriyanın şimalındakı 35 minlik türk hərbçisinin və Suriya milli ordusunun istənilən vaxt genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyini deyirlər. Bu əməliyyatlara hazırlıq çərşivəsində türk hərbi kolonlarının Suriyanın şimalına daxil olduqları bildirilir.
Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “SNN Türk” telekanalına müsahibəsində silahlı kürd qüvvələrinin Türkiyənin sərhədlərindən 30 kilometr uzaqlaşdırılması yönündə ABŞ və Rusiyanın öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədiklərini qeyd edib.
- ABŞ və Rusiya PKK terrorçularını sərhəddən 30 kilometr geri çəkməli idilər. Amma indiki məqama qədər öz vədlərini yerini yetirməyiblər. Əgər biz söz veririksə, onu mütləq yerinə yetiririk. Müqavilə bağlayarkən, biz onun həyata keçirilməsi üçün nə lazımdırsa edirik. Amma açığını desək, nə Rusiya, nə də ki, ABŞ öz sözünün üstündə durub. Bu halda Türkiyə öz problemini müstəqil şəkildə həll edəcək, - Mövlud Çavuşoğlu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


