ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gəlir

   ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana gəlir
  02 Noyabr 2021    Oxunub:1429
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunda katib müavininin yeni təyin olunmuş köməkçisi Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Bu barədə AzVision.az - a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İrəvanda olarkən katib müavininin köməkçisi xanım Olson 2-4 noyabr tarixlərində ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, həmçinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Andryu Şofer və USAID administrator müavininin köməkçisi Aleksandr Sokolovski ilə birlikdə missiya rəhbərlərinin regional toplantısında iştirak edəcək.

"Biz, bu çoxdankı ənənəni bərpa etməkdən və regiondakı hər üç ölkə ilə bağlı siyasətimizi daha yaxşı əlaqələndirmək məqsədi ilə fikir və məlumat mübadiləsi aparmaq üçün regiondan və Vaşinqtondan olan həmkarlarımızla bir araya gəlməkdən məmnunuq", - səfirliyin açıqlamasında vurğulanıb.

Qeyd olunub ki, iştirakçılar Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə daxili müzakirələr, eləcə də məlumat xarakterli görüşlər keçirəcəklər. 2019-cu və 2018-ci illərdə ABŞ-ın Bakıdakı və ABŞ-ın Tbilisidəki səfirlikləri regional missiya rəhbərlərinin görüşlərinə ev sahibliyi ediblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Azərbaycan  



Xəbər lenti