Rusiyalı ekspertlər: Ermənistan niyə məğlub olub ?

    Rusiyalı ekspertlər:  Ermənistan niyə məğlub olub ?
  08 Noyabr 2021    Oxunub:1214
Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin birinci ildönümü ərəfəsində bir sıra ölkələrin ekspertləri və KİV-ləri müharibənin nəticələrinə müxtəlif prizmalardan yanaşma sərgiləyirlər. Rusiyanın “Strategiyaların və texnologiyaların təhlili mərkəzi” mövzu ilə bağlı hərbi ekspertlərin iştirakı ilə diskussiyalar keçirib. Həmin diskussiyanın yekunu barədə “Moskovski komsomolets” qəzeti məlumat yayıb.
AzVision.az “Moskovski komsomlets” qəzetinə istinadən bildirir ki, erməni mənşəli rusiyalı hərbi ekspert Leonid Nersisyan müharibənin başlana biləcəyi haqda Ermənistan rəhbərliyi ilkin məlumatlar alsa da, buna lazımi olan reaksiya verilmədiyini söyləyib.

“Mənim məlumatıma görə, hərbi əməliyyatların başlaya biləcəyi barədə ölkənin rəhbərliyi hələ bir ay əvvəl kifayət qədər informasiyaya malik idi. Müharibəyə 5 gün qalmış Qarabağdan həyəcanlı siqnallar daxil olmağa başladı. Qarabağdan və HHM (hava hücumundan müdafiə) rəhbərliyindən gələn bu siqnallarda Azərbaycan hərbçilərinin fəallığının yüksək olduğu və qoşunların tam hərbi hazırlıq vəziyyətinə gətirilməsinin zəruriliyi bildirilirdi. Hansı səbəbdənsə bu edilmədi”, - Nersisyan deyib.

Onun sözlərinə görə, aparılan tədqiqatlar nəticəsində Dağlıq Qarabağın HHM sistemlərinin 70%-ə qədərinin döyüşlərin elə ilk günündə məhv edildiyi aydınlaşıb. Çünki bütün HHM kompleksləri illərlə dəyişməz qalan daimi dislokasiya məntəqələrində olublar. Erməni ekspert rəngli inqilab nəticəsində iki il əvvəl hakimiyyətə gələn hökuməti əlaqələri və dövlət idarəçiliyi zəncirini qırmaqda günahlandırıb. Nersisyan İrəvanın əsas səhvini təhlükəli dövrdə qoşunların tam hərbi hazırlıq vəziyyətinə gətirilməməsində, habelə qabaqcadan Ermənistandan silahlı qüvvələri hissələrinin Dağlıq Qarabağ ərazisinə atılmamasında görür.

“Hərbi əməliyyatlara hətta iki və ya bir gün qalmış birinci ordu korpusunun gücü ilə bunu etmək çox real idi. Ermənistan Müdafiə nazirliyində, Baş qərargahında belə planlar var idi. Amma bu edilmədi. Hərbi əməliyyatlar başalyandan sonra isə düşmənin havadakı üstünlüyü nəticəsində erməni qoşunlarını Dağlıq Qarabağa atmaq praktiki olaraq mümkün deyildi. Kəşfiyyatçı dronların köməyi ilə istiqamətləndirilən türk “Bayraktar” PUA-ları, havada asılı qalaraq yedəki hədəfləri müşahidə etməyi bacaran israil istehsalı olan PUA-lar və artilleriya qoşunlar böyük itkiyə məruz qoyurdu” – erməni ekspert bildirib.



Tanınmış hərbi ekspert, “Vətənin arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovski, öz növbəsində, Azərbaycan rəhbərliyinin xalqı və ordunu məqsədyönlü şəkildə vətən müharibəsinə hazırladığını söyləyib.

- Azərbaycan Qarabağda öz torpaqlarını, o cümlədən böyük itkilər hesabına da müdafiə etməyə hazır idi. Cəmiyyət bu itkiləri qəbul etməyə hazır idi. Müharibənin əvvəlində Azərbaycan qoşunlarının hücum tempi, məsələn, müharibə iilərində Qızıl ordunun tempi ilə müqayisədə yüksək olmasa da, qoşunlar operativ genişliyə çıxdıqdan sonra irəliləyiş sutkada 10 kilometrə çatdı. Hərbi əməliyyatların final mərhələsində Rusiya mənəvi planda Ermənistanın hansısa perspektivlərinin qalması baxımından müharibənin dayandırılmasında həlledici rol oynadı. Ermənistan tərəfindən Rusiyaya “sən burada xilas etmədin, dəstəkləmədin” kimi iddialar irəli sürmək, məncə, nalayiq hərəkətdir, - Muraxovski vurğulayıb.

Müzakirələri yekunlaşdıran Rusiya Silahlı qüvvələrinin sabiq Baş qərargah rəisi, ehtiyatda olan general-polkovnik Yuri Baluyevski erməni tərəfinin öz mövqelərini və silahlarını gizlətmək prinsipinə tamamilə etinasızlıq göstərdiyini deyib. Onun fikrincə, məhz Dağlıq Qarabağdakı erməni qoşunlarının və obyektlərin gizlədilməsi üçün tədbirlər görülmədiyindən erməni tərəfi böyük itkilər verdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   məğlubiyyət  



Xəbər lenti