“Rusiya erməniləri məyus edib” - Mixail Neyjmakov (Eksklüziv)

   “Rusiya erməniləri məyus edib” -    Mixail Neyjmakov (Eksklüziv)
  16 Noyabr 2021    Oxunub:870
“İstənilən ölkənin hakimiyyəti üçün radikal xarici siyasət şüarları ilə çıxış edən qüvvələrin fəallığı müəyyən üstünlüklərə malikdir. Çünki bu cür qüvvələrin fonunda mövcud hakimiyyəti həm radikalların tənqid etdiyi kənar oyunçular, həm də daxili auditoriyanın bu cür şüarları bölüşməyən qismi daha məqbul tərəf kimi görürlər. Ona görə, bu fəaliyyət müsbət çalar kəsb edəndə hakimiyyətin işinə yarayır”.
Bu sözləri AzVision.az-a rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov Ermənistanda Rusiya əleyhinə keçirilən aksiyaları şərh edərkən deyib. Onun sözlərinə görə, sirr deyil ki, Ermənistanda çoxları istər 44 günlük müharibə, istərsə də 2021-ci ildə Qaragöllə bağlı sərhəd münaqişəsi zamanı Moskvanın Bakıya daha fəal təzyiq göstərəcəyini və İrəvana dəstək üçün daha ciddi addımlar atacağını gözləyirdilər. İl ərzində Ermənistanın həm iqtidar, həm də müxalif yönlü siyasətçiləri belə bir ovqatda olublar.

- Bu mənada “Ermənistan hərbi-siyasi müttəfiqdən Rusiyanın protektoratına çevrildi” deyən Robert Köçəryanın yanvar müsahibəsini qeyd etmək yerinə düşər,- Neyjmakov bildirib.- Eyni zamanda, Ermənistanın hakim partiyasının nümayəndələri 2021-ci ilin yazında Qaragöl ətrafındakı böhranla bağlı mövqeyinə görə KTMT-ni tənqid etdilər. Onlar yəqin ki, bu hərbi blokun ilk növbədə Rusiya ilə əlaqəli olduğunu da nəzərə alıblar. Nikol Paşinyan o zaman qeyd etmişdi ki, “hazırda KTMT-nin hərəkətlərinin sürəti bizi qane etmir”. Eyni vaxtda parlamentdə hökumətyönlü çoxluğa rəhbərlik edən Lilit Makunts da bu blokun “ləng” hərəkət etməsinin gərginliyə gətirib çıxardığını bəyan etmişdi.

Neyjmakov qeyd edib ki, Ermənistan siyasətçilərinin Rusiyanı (və onun “lokomotiv” olduğu beynəlxalq təşkilatları) tənqid etməsi, təbii ki, bir müddət davam edəcək. “Amma hazırda bu mövzu ətrafında səsləndirilən şüarlar onlardan istifadə edən siyasətçilərə populyarlıqlarını əsaslı şəkildə artırmağa imkan verməyəcək”,- o, fikrini yekunlaşdırıb.

Balifa Baxşıyeva
Nadir Quliyev

AzVision.az


Teqlər: Ermənistan   Rusiya  



Xəbər lenti