"Deyirdi, helikopter pilotlarının müharibədə ölümü dəhşətli olur..." - Şəhid pilotumuzun doğmaları (VİDEO)

 "Deyirdi, helikopter pilotlarının müharibədə ölümü dəhşətli olur..."  - Şəhid pilotumuzun doğmaları (VİDEO)
  15 Dekabr 2021    Oxunub:4573
2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. Faciə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid oldu, 2 nəfər isə ağır yaralandı. Şəhid olan hərbçilərdən biri də polkovnik Füzuli Cavadov Əli İbram oğludur.
Füzuli Cavadov 1966-cı il sentyabrın 1-də Bakı şəhərinin Zirə qəsəbəsində doğulub. Elə oradakı 241 nömrəli məktəbdə bitirib. Uşaqlıqdan hərbə marağı olub. Həqiqi hərbi xidməti Rusiyanın Arxangelsk şəhərində keçib. Xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb və 1992-1994-cü illərdə Qaladakı hərbi hissədə hazırlıq kursunu bitirib və eskadrilya komandiri vəzifəsinə qədər yüksəlib.
Daha sonra qazandığı uğurlarla irəli gedərək, Müdafiə Nazirliyində xidmətə başlayıb. 2014-cü ilin dekabr ayından etibarən Dövlət Sərhəd Xidmətində fəaliyyət göstərib.
DSX-yə daxil olarkən təyyarəçi inspektor vəzifəsini daşıyıb. Polkovnik-leytenantlıqdan polkovnik rütbəsinə və aviasiya idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib. Füzuli Cavadovun Nərmin adlı qızı və İkram adlı oğlu yadigar qalıb. Nərmin də DSX-də çalışır. Deyir ki, bundan sonra atasının şərəfli həyat yolunu davam etdirmək üçün əlindən gələni edəcək.



Pilotun qızı: ”Atam birinci Qarabağ müharibəsində də iştirak edib. Həmişə danışırdı ki, “gedib bombardman edib dönür, sonra bir daha geri qayıdırdıq ki, görək, ermənilər nə vəziyyətdədilər”. Yəni gənc yaşlarından belə olub, ölümün gözünə dik baxıb.


Aprel döyüşlərində onun dostları, yetirmələri olan Təbriz, Urfan, Əbu Bəkr şəhid oldular. O hadisədən bir ay öncə Urfan əmi onunla görüşmüşdü. Sanki vidalaşmışdılar. Atam da həmin döyüşlərdə iştirak etmişdi.
Vətən müharibəsi vaxtı isə helikopterlərin təmirilə əlaqədar Saratov şəhərində idi. Çox narahat qalmışdı. Tez geri qayıtmaq və müharibədə iştirak etmək istəyirdi. Onlar oktyabrın 5-i qayıtdılar. Müharibənin sonlarına doğru döyüşlərə qatıldılar və əsgərlərimizə çox kömək oldular. Hadruta və digər yerlərə ərzaq, silah daşınması üçün uçuşlar həyata keçirmişdi.
Qala aviabazasındakı bütün pilotlar demək olar ki, atamın yetirmələridirlər. Onlar həmişə atamdan “Əfsanəvi pilot” deyə bəhs edirlər.



Laçına, Cəbrayıla, Zəngilana uçuşlar həyata keçirirdi. Mənə şəkillər çəkib göndərirdi və deyirdi ki, DSX-nın helikopteri 30 ildən sonra Qarabağdadır. Ürəyi qürurla dolurdu”.

Qızının sözlərinə görə, Füzuli Cavadov övladlarının təhsilinə xüsusi önəm verib. Onların dil öyrənməsi üçün əlindən gələni edib.
- Bizə tək ata deyil, həm də dost idi. Qardaşımla mənim təhsilimə çox diqqət ayırırdı. Universal bir insan idi. Dəqiq elmləri sevirdi və bilirdi. Bizim üçün də çalışırdı. Hərdən ona zarafatla deyirdik ki, “ata, axı biz sən deyilik, bu qədər şeyi eyni anda öyrənə bilmərik”. Hər şeyi mükəmməl dərəcədə bilirdi. Belə insanlar bu dünyaya tək-tək gəlir. Çoxlu dil bilməyin tərəfdarı idi. Fransız dilini öyrənim deyə mənə müəllim tutmuşdu...



Nərmin faciənin baş verdiyi günü çətin də olsa dilə gətirib: “Hadisənin baş verdiyi gün atam məni işə aparırdı. Yolda dedi ki, uçuşu var. Mən işə çatan kimi hava haqqında məlumatı oxudum və küləkli havanın olacağını bildim. Düşündüm ki, yəqin, uçuşları təxirə salınacaq...
Təxminən saat 11-ə qalmış rəisim Gülnar xanıma zəng gəldi və ona helikopterin qəzaya uğraması ilə bağlı məlumat verildi. Çox çətinliklə özümü toparlayıb, qəzada kimin həlak olduğunu soruşdum. Gülnar xanımın mənə baxışından analadım ki, həlak olanlar arasında atam da var. Sanki dünya başıma uçdu. Bir saata yaxın özümə gələ bilmədim. Bir saatdan sonra evdəkilərə zəng etdim və atamın yaralandığını dedim. Ancaq bilirdim ki, o, şəhid olub. Çünki atam deyirdi ki, müharibədə ən dəhşətli ölüm helikopter pilotlarının ölümüdür. Onlar diri-diri yanırlar”.


Polkovnikin qardaşı Namiq Cavadov: “Hələ də özümüzə gələ bilmirik. Bir şeylə təsəlli tapıram ki, qardaşım şəhidlik zirvəsinə ucaldı. Şəhid olmaq hər adama qismət olmur. Arxamız, dayağımız idi. Bir həftə öncə atamızı itirmişdik. Dedim, atamız getdi, indi böyüyümüz Füzulidir. O da bir həftə dözdü...


Atatürkün vurğunu idi. Onun həyatından tez-tez sitatlar gətirərdi. Bir dəfə sıravi bir əsgər gəlib Atatürkə deyir ki, "məni ön cəbhəyə getməyə qoymurlar”. Füzuli bununla bağlı əhvalatı danışanda ağlamağa başlayaraq, dedi, sən insanda Vətən sevgisinə bax ki, gedib şəhid olmaq istəyir!”

Şəhidin kiçik qardaşı Tərlan Cavadov: "Azərbaycanda ilk dəfə helikopteri gəminin göyərtəsinə endirən pilot Füzuli olub. Bu haqda özü mənə danışmışdı. Daha sonra bir neçə il bundan qabaq Azərbaycanda itən alpinistləri də onlar tapmışdılar. Ölümündən 15 gün qabaq zəng vurdum, Kəlbəcərdə idi. Vəziyyətilə maraqlandım. Dedi, "narahat olmayın, siz özünüzdən muğayat olun, hər şey yaxşı olacaq”.


Pilotun oğlu İkram Cavadov: "Həm insan, həm də hərbçi kimi əvəz olunmaz idi. Hamını düşünüb, maraqlanırdı. Təhsilə böyük önəm verirdi. Axrıncı dəfə mənimlə hadisədən bir gün qabaq telefonla danışdı. Harada olmağımla maraqlandı və dedi, "evə tez gəl”.
Ona deyəsi çox sözümüz var idi. Öz arzuları da yarıımçıq qaldı. Pilot Təbriz deyirdi ki, “Füzuli bizim rəisimiz yox, atamızdır”. Çox təəssfülər olsun ki, hər ikisi şəhid oldu”.

























Şahanə Rəhimli
FOTO: Anar Bayramlı
VİDEO: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Şəhid   FüzuliCavadov  





Xəbər lenti