Mərkəzi Bank bahalaşmanın səbəblərini açıqladı

   Mərkəzi Bank bahalaşmanın səbəblərini açıqladı
  30 Dekabr 2021    Oxunub:887
Rəsmi statistikaya görə, illik inflyasiya noyabrda (2021-ci ilin noyabr ayı 2020-ci ilin noyabr ayına nəzərən) 11.1% təşkil edib. Orta illik inflyasiya isə yanvar-noyabr aylarında 6.2% olub.
AzVision.az xəbər verir ki, bu barədə AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd edilib.

Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-noyabr aylarında 3.9% təşkil edib.

İnflyasiya təzyiqlərinin yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə baş verib. Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi illik əsasda 14.9% yüksəlib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olub.

Bəyanatda qeyd edilib ki, bu il ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərib. Xüsusən də kərə və bitki yağlarının, şəkər və süd məhsullarının, eləcə də çörək məmulatlarının bahalaşması dünya ərzaq qiymətlərindən əhəmiyyətli təsirlənib.

Noyabrda illik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 7.1%, xidmətlər üzrə isə 9.1% təşkil edib. Qeyri-ərzaq məhsulları arasında ən çox illik bahalaşma yanacaq məhsulları (20%) və inşaat materialları (12.9%) üzrə qeydə alınıb. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin dinamikası əhəmiyyətli təsir göstərib. Bununla yanaşı, daşıma xərclərinin artması ilə avtomobil nəqliyyatı ilə ölkədaxili yükdaşıma qiymətlər indeksinin illik olaraq 11.7% artması da ölkədə istehsalçı qiymətlərin artımına töhfə verib.

Ümumilikdə inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMB   Manat  





Xəbər lenti