İki müharibədə şəhid olmuş iki qardaşın hekayəsi - FOTOLAR

 İki müharibədə şəhid olmuş iki qardaşın hekayəsi -  FOTOLAR
  07 Yanvar 2022    Oxunub:4279
Vətən uğrunda oğul şəhid verən ailələrdən biri də Nəsibovlardır. Ailə Balakənin Kortala kəndində yaşayır. Evin böyük oğlu Ədalət Nəsibov Birinci Qarbağ Müharibəsində şəhid olub. Digər qardaş Xaqani Nəsibov isə Vətən müharibəsində şahadətə ucalıb.
AzVision.az-a qardaşlarının şəhidlik tarixçəsini danışan Muxma Nəsibov xatırlayır ki, 1992-ci ildə hərbi xidmətə yollanan Ədalətin 1993-cü ildə ölüm xəbəri gəlmişdi:

- Atam Aydın Nəsibov iki dəfə ailə həyatı qurub. Qardaşım Ədalət onun birinci xanımdan doğulan oğlu idi. Həmin xanımı rəhmətə getdikdən sonra o, anam Aybəniz xanımla ailə qurub. Bu izdivacdan 3 uşaq - 2 oğlu, bir qızı doğulub. Ədalət 1992-ci ildə hərbi xidmətə çağırılıb. 1993-cü ilin martın 31-də şəhid olub. 18 yaşlı əsgər idi. Atamgil onun meyitini ala bilmədilər. Kəlbəcərdə yaralı döyüş yoldaşlarını daşıyırmış. Əsir düşməsin deyə, onlara verilən qumbara ilə özünü partladıb. Bu haqda bizə onun döyüş yoldaşları danışmışdılar. O vaxtlar elə dövr idi ki, meyitini axtarıb tapmaq da mümkün olmayıb. Sonradan ona şəhidlik statusu verildi. Mən Ədalət qardaşımın adına bulaq tikdirdim. Ölüm tarixini isə martın 31-nə yazdırdım. Nə qədər varıqsa, onun adını yaşadacağıq. Atam 2014-cü ildə rəhmətə getdi. Ömrünün sonuna kimi oğul dərdi çəkdi.


Ailənin digər şəhidi Xaqani Nəsibovisə Vətən müharibəsinə qədər Türkiyədə yaşayıb və orada çay fabrikində işləyib.

- Müharibə başlamamışdan öncə mənə Türkiyədən zəng etdi və soruşdu ki, deyirlər, müharibə olacaq? - Qardaşı danışır,- Ona cavabında belə bir şeyin olmadığını bildirdim. Qardaşım müharibənin başlamasına iki-üç gün qalmış kəndə qayıtdı. Sentyabrın 21-də isə hərbi səfərbərliklə müharibəyə qatıldı. Suqovuşan, Ağdərə,Tərtər istiqamətində döyüşdü və o istiqamətdə də şəhid oldu. Onun meyitini öz əllərimlə tapıb gətirmişəm. Mənə qardaşımın şəhid olduğunu heç kim deməyib.
Sonuncu dəfə oktyabrın 15-i danışdım. Mənə dedi ki, “hamıya salam söylə. Nəsə pis xəbər eşitsən, möhkəm ol”. Həmin gündən narahat qaldım. Ayın 19-u qərara gəldim ki, Naftalan, Mingəçevir, Goranboy istiqamətində onu axtarım. Meyitini 59 adsız şəhid içərisindən tapdım. Komandiri dedi, “yaxşı ki, gəlmisən, şəklini yaralı əsgərlərə göstərib, məlumat alandan sonra təhvil verəcəkdik”. Xaqani ayaqlarından yaralanıbmış. Qanaxamadan ölüb. Elə vəziyyət imiş ki, xilas etmək mümkün olmayıb. Oktyabrın 16-sı şəhid olub. Mən yuxularmda görmüşdüm. Onu Türkiyədən bura tale, qismət gətirdi. Anamın indi 70 yaşı var, qardaşımdan sonra xəstələnib, stress keçirir. Qardaşlarımdan biri də bu yaxınlarda 55 yaşında vəfat etdi.



Muxmanın indi tək bir arzusu var - qardaşının şəhid olduğu yerə getmək. Ancaq kimə müraciət edəcəyini və məsələni necə həll edəcəyini bilmir. “Bəlkə bu yolla ürəyimizin yanğısı səngiyər”,- deyir.

Qeyd edək ki, Xaqani Nəsibov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Su qovuşanın azad olunmasına görə” medallları ilə təltif olunub.


Ədalət Nəsibov















Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şəhidqardaşlar   Vətənmüharibəsi  



Xəbər lenti