"Qeyri-neft ixracımız 40 faizdən çox artıb" - Dövlət başçısı

   "Qeyri-neft ixracımız 40 faizdən çox artıb" -    Dövlət başçısı
  12 Yanvar 2022    Oxunub:633
“Bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək və nəzərə almalıyıq ki, ölkədə əhali artır. Deməli tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Bütün bu rəqəmlər, yəni keçən ilin rəqəmləri deyil. Bu rəqəmlərin təməlində uzun müddətli iqtisadi strategiyamız dayanır. Keçən il bu strategiyanın biz çox gözəl nəticələrini görmüşük. Bu ilə gəldikdə isə, bu ilin büdcəsi, bu da keçən ildə əldə edilmiş nailiyyətlərin hesabınadır, tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm investisiya layihələri icra ediləcək, azad edilmiş torpaqlarda, ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük", - Prezident deyib.

Dövlər başçısının sözlərinə görə, təkcə vergi orqanları keçən il proqnozdan əlavə təxminən 1,4 milyard manat vəsait yığa bilmişdilər: "Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Ümumiyyətlə ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasətimiz bütün sahələrdə özünü göstərir. Və təbii ki, iqtisadi sahə istisna deyil”.

AzVision.az



Teqlər:



Xəbər lenti