Elmlər Akademiyasından Misir Mərdanova sərt cavab

Elmlər Akademiyasından Misir Mərdanova  sərt cavab
  10 Fevral 2022    Oxunub:1935
"Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, sabiq təhsil naziri Misir Mərdanovun AMEA prezidenti haqqında dedikləri ən yaxşı halda gülüş doğura bilər. Uzun illər təhsil naziri işləmiş bu insan akademik Ramiz Mehdiyevin silahlı mühafizə tərəfindən qorunduğunu böyük bir sensasiya kimi cəmiyyətə çatdırmağa çalışır".
AzVision.az xəbər verir ki, bu barədə AMEA -nın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Məlumdur ki, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür və uzun illər həm PA rəhbəri, həm də Təhlükəsizlik Şurasının katibi vəzifələrini tutub. Belə şəxslərin dövlət tərəfindən ayrılmış mühafizə ilə qorunması bütün dövlətlərdə mövcud olan adi bir praktikadır. O ki qaldı Ramiz Mehdiyevin təkbaşına Rəyasət Heyətinin binasındakı liftdən istifadə etməsinə, bu da ağ yalandır.

Birincisi, AMEA Rəyasət Heyətinin binasında lift 2015-ci ildən mövcud olub və ondan ancaq rəhbərlik istifadə edib. Ramiz Mehdiyev isə 2020-ci ilin yayında aparılmış təmir işləri zamanı liftin müasirləşdirilməsinə və genişləndirilməsinə tapşırıq vermişdir. İndi həmin lift hər kəsin üzünə açıqdır və o, əməkdaşların rahatlığını əhəmiyyətli dərəcədə təmin edir.

Bəli, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən sonra Rəyasət Heyətinin binasında müvafiq dövlət strukturlarının nəzarəti və tövsiyələri əsasında əsaslı təmir işləri həyata keçirildiyi həqiqətdir. Nəticədə binanın bataqlığı xatırladan zirzəmisi qurudularaq normal vəziyyətə gətirilib, isitmə sistemi tamamilə yenilənib, əməkdaşların rahat şəkildə işləməsi üçün bütün zəruri şərait yaradılıb. Bütün bu işlər AMEA kollektivi üçün görülüb. Bu tarixi bina dövlətin əmlakıdır, xalqın sərvətidir və Ramiz Mehdiyevin onu özü ilə harasa aparmaq niyyəti yoxdur. Misir Mərdanovun bu qəbildən gülünc açıqlamaları onun haqqında qeyri-ciddi rəy yaradır.

AzVision.az


Teqlər:



Xəbər lenti