"Biri ilə sözüm çəpləşən kimi, “sən vətən xainisən"" deyirlər - “Tərtər işi”ndə zərərçəkən

   "Biri ilə sözüm çəpləşən kimi, “sən vətən xainisən"" deyirlər -    “Tərtər işi”ndə zərərçəkən
  13 Fevral 2022    Oxunub:1380
5 il əvvəl saxlanmış bir qrup hərbçi ölkəyə xəyanət etməkdə, Ermənistanın kəşfiyyat və xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub.

Sonradan bu hərbçilərə işgəncə verilməsi, hətta bəzi hərbçilərin işgəncələr nəticəsində ölməsi ilə bağlı iddialar səslənməyə başladı. Bir neçə il əvvəl 100-dən çox hərbçi zərərçəkmiş kimi tanındı, bəzi hərbçilərin isə işgəncələr nəticəsində öldüyü rəsmi olaraq təsdiqləndi, bəraət alanlar da oldu.
Baş Prokurorluq bu həftə yaydığı açıqlamada bildirib ki, 2017-ci ildə icraatı təzələnmiş cinayət işləri üzrə ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına görə dörd adam həbs edilib.

Baş Prokurorluğun 9 fevral açıqlamasında qeyd olunur ki, hazırda “Tərtər işi” ilə bağlı ümumilikdə 281 zərərçəkmiş şəxs var.

“İstəyərdim ki, məni orduya bərpa eləsinlər”

20 ilə yaxın Azərbaycan ordusunda xidmət etmiş 42 yaşlı Turab Kərimov Baş Prokurorluğun “Tərtər işi” ilə bağlı yeni tanıdığı 163 zərərçəkmişdən biridir.

Bu işdə zərərçəkmiş kimi tanınması Turab Kərimovu ümidləndirib ki, o, illərdir davam edən psixoloji təzyiqlərdən xilas olacaq.

Turab Kərimov BBC radiosuna müsahibəsində bildirib ki, 2017-ci ildə baş vermiş işgəncə faktları yalnız onun özünə deyil, ailəsinə də ciddi zərbə maddi və mənəvi zərbə vurub:

“İllərdir, mən öz rayonumda vətən xaini damğası ilə yaşayıram. Çölə-bayıra çıxmağa çox risk etmirəm. Biri ilə sözüm çəpləşən kimi, o dəqiqə üzümə çırpır ki, “sən vətən xainisən də”. Bugünki gün də mənə şübhə ilə yanaşırlar” ,-deyə o vurğulayıb.

Orduda rütbəsi gizir olmuş Turab Kərimovun sözlərinə görə, hərbi xidmətini başa vurub təqaüdünə 6 ay qalmış o, belə bir ittihamla üzləşdi. “19 il 6 ay hərbidə xidmət etmişəm. 20 illik hərbi xidməti tam başa vurmuş sayılmıram, ona görə də təqaüddən də məhrumam”.

Keçmiş hərbçi deyir ki, gəncliyindən bəri ordudadır:
“İllərdir ailəmi hərbçi maaşımla dolandırmışam. Əlavə bacarığım, peşəm yoxdur. Ona görə də zərərçəkmiş kimi tanınmaqla yanaşı, istəyərdim məni yenidən orduya bərpa etsinlər” Turab Kərimov deyib.

Zərərçəkmiş istəyir ki, ona təzminat verilməsə də, heç olmazsa, işə bərpa etsinlər, “halal pulunu” qazansın.

AzVision.az


Teqlər:



Xəbər lenti