Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunur

   Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunur
  15 Fevral 2022    Oxunub:2689
Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.
AzVision.az -ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gəncə şəhərində Nizami və Kəpəz bələdiyyələrinin əhatə etdiyi ərazi vahidləri də dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq. Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Qüvvədə olan qanuna görə, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxildir. Eyni zamanda Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxildir.

Qeyd edək ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, Nizami və Kəpəz rayonları ləğv edilir. Buna görə də müvafiq qaydada “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da dəyişiklik edilir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər: Gəncə  



Xəbər lenti