Xəzərin fəlakət ssenarisi – Dəniz suyunun çəkilməsi hansı çətinliklər yaradacaq?

      Xəzərin fəlakət ssenarisi    – Dəniz suyunun çəkilməsi hansı çətinliklər yaradacaq?
  01 Fevral 2022    Oxunub:2169
XXI əsrdə müşahidə edilən iqlim dəyişmələri, qlobal istiləşmə, temperaturun hər ötən il artması nəticəsində dəniz və göllərdə su səviyyəsi aşağı düşür. Xüsusilə dünya okeanına çıxışı olmayan endoreik göllər iqlim dəyişikliyinə daha həssasdır, çünki onların su səviyyələri yağıntılar arasındakı incə balansla – suyun gölə axıdılması və su səthinin buxarlanması ilə müəyyən edilir.
Məşhur “Nature” jurnalı Xəzər dənizinin yaxın 60-70 ildə gözləyəcək fəlakətlə bağlı məqalə dərc edib. Alimlərin araşdırmalarına əsasən Xəzər dənizinin su səviyyəsinin sürətlə azalması ilə bağlı həyacan təbili çalınmalıdır.
Məqalədə qeyd edilir ki, bu əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsinin orta və yüksək emissiya ssenariləri üzrə 9-18 m aşağı düşəcəyi proqnozlaşdırılır. Bildirilib ki, XXI əsrdə Xəzər dənizinin səviyyəsinin azalması əvvəlki iqlim modellərinə əsaslanan proqnozlardan təxminən iki dəfə böyük olacaq. Su səthinin 9–18 m enməsi şimalda Xəzər şelfinin, cənub-şərqdə Türkmən şelfinin, Xəzər dənizinin bütün sahilyanı ərazilərinin dəniz səthinin altından çıxması demək olacaq.
Bundan əlavə, Xəzər dənizinin şərq hissəsindəki Qaraboğazgöl körfəzi tamamilə quruyacaq. Ümumilikdə, Xəzər dənizinin səthinin sahəsi 9 m-ə qədər 23%, dəniz səviyyəsinin 18 m enməsi ilə isə 34% azalacaq.

Bəs Xəzəri gözləyən ekoloji problemlə bağlı Azərbaycanın proqnozları necədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttərzadə bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün onun səviyyəsində periodik dəyişmələr labüddür. Qurum rəsmisinin sözlərinə görə, səviyyə tərəddüdü əsasən onun su balansı elementləri – qidalandıran çaylar, düşən yağıntının miqdarı, buxarlanmasının səviyyəsinə bağlıdır:

- Digər tərəfdən dəniz dibində baş verən teknotik hərəkətlər də səviyyə dəyişməsinə təsir edən amillərdəndir. Burada fəsli dəyişmələri də qeyd etməliyik. Belə ki, il ərzində fərq 30-40 sm intervalında dəyişə bilər. Dənizin su səviyyəsi çayların gursululuq dövründə - iyun-avqust aylarında yüksək həddində olur. Ən aşağı səviyyə isə dekabr-fevral aylarında müşahidə olunur.
Tarxi dövrləri götürsək, məsələn son 100 ildə səviyyə fərqi 3 m, 200 ildə isə 3,5 m intervalında dəyişib. Bəzi mənbələrə görə, 3500 il ərzində Xəzər dənizinin səviyyəsi təxminən 15 m intervalında qalxıb, düşüb ”.



1977-1995-ci illərdə Xəzər dənizinin səviyyəsi 2,5 m qalxıb. 1975-ci ildən qabaq isə Xəzər XX əsrin ən aşağı səviyyəsində olub. Şöbə müdiri qeyd edib ki, həmin dövrdə suyun səviyyəsi indikindən də 1 m aşağı idi:
“Xəzər dənizinin Azərbaycan hissəsində -sahildə, açıq dənizdə, adalarda nazirliyin hidrometreoloji xidməti tərəfindən araşdırmalar həyata keçirilir. Müşahidələrə əsasən, 1995-ci ilə qədər dəniz səviyyəsi 2,5 m qalxıb. 2005-ci ildən bu günə qədər enmələr müşahidə olunur ki, bu da ildə 7 sm-ə bərabərdir və bu günə qədər dəniz səviyyəsi 1,5 m azalıb” .

R.Səttarzadənin sözlərinə görə, Xəzər dənizinin səviyyəsi ilə bağlı çoxlu fərziyələr var. Alimlər tərəfindən onun səviyyəsinin 10-20 m dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu sahəni tədqiq edən alimlərin fikrincə, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı uzunmüddətli proqnoz vermək mümkün deyil:

“Çünki əvvəllər də belə proqnozlar verilib və onlar özlərini doğrultmayıb. Müxtəlif proqramlar var: bir proqramda hansısa tarixi rəqəmləri daxil edirsən və ümumi nəticə alırsan, digər proqramda başqa ssenarilər üzrə nəticə fərqli olur. Bir sıra yazılar ehtimal edilən çoxsaylı ssenarilərdən biri kimi qiymətləndirilə bilər. Səviyyə tərəddüdünə gətirib çıxardan kifayət qədər amillər var ki, onlarda belə qeyri-müəyyənliklər mövcuddur. Bunları da nəzərə alsaq uzunmüddətli proqnoza bir qədər ehtiyatı yanaşmaq lazımdır.

İqlim dəyişməsinin hansı istiqamətdə getdiyini bilərək deyə bilərik ki, Xəzər dənizin səviyyəsində azalma tendensiyası artma tendensiyasından bir qədər artıqdır. Amma eyni ilə belə vəziyyətlərdə tarixən dəniz səviyyəsinin artması da müşahidə olunub. Çoxlu məqamlar var. Onları tam dəqiqliyi ilə 5-10 il əvvəldən proqnozlaşdırmaq çətindir” , deyə ETSN rəsmisi əlavə edib:

- Xəzəryanı ölkələrin alimləri, iqlimşunaslar bu istiqamətdə araşdırmalar aparırlar. Səviyyənin düşməsi proqnozlar ilə yanaşı, səviyyəsinin qalxması ilə bağlı da proqnozlar var.
Xəzər dənizinin səviyyəsinin dəyişməsinin onun ətraf mühitinə, xüsusilə təsərrüfat sahələrinə, dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsirləri də var. Ona görə həmin fəaliyyətləri planlaşdıran zaman bütün bunlar nəzərə alınmalıdır. Dəniz səviyyəsi üzərində hidrometreoloji müşahidələri mütəmadi aparırıq və dənizlə bağlı olan qurumlara məlumat verilir ki, işlərində və planlaşdırılan layihələrində bu məsələləri nəzərə alsınlar. Tərəddüdlərin daim olacağına adaptasiya olmaq lazımdır. Xəzər dənizinin səviyyəsinin dəyişməsi ətraf mühit, biomüxtəliflik, insan fəaliyyəti üçün mənfi amildir. Lakin biz bunu idarə edə bilmərik”.

R.Səttarzadə vurğulayıb ki, Xəzər dənizinin problemləri təkcə Azərbaycanın deyil, 5 ölkənin problemləridir: “2006-ci ildən qüvvədə olan “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası sənədi əsasənda Xəzəryanı ölkələr müxtəlif ekoloji sahələr, o cümlədən Xəzər dənizinin səviyyəsinin tərəddüdü ilə bağlı birgə araşdırmaların, müzakirələrin aparılması və s. üzrə əməkdaşlıqlarını davam etdirirlər.
Dənizin səviyyəsinin dəyişməsində antropogen amil qeyd edilə bilər, lakin bu o qədər də böyük deyil. Əhali sayı artır, təbii ki, su sərfiyyatı da artır. Eyni zamanda kənd təsərrüfatı sahələrində də suya təlabat çoxalır. Sudan istifadə artır, digər tərəfdən iqlim dəyişməsi nəticəsində suyun həcmi azalır. Sözsüz ki, bu iki amil su ehtiyatlarının azalmasına gətirib çıxardır”.

“Nature” jurnalında alimlərin dərc edilən rəyinə əsasən Xəzərin səviyyəsinin proqnozlaşdırılan həcmdə azalması Şimal Xəzər şelfinin itirilməsi ilə birlikdə çirklənmə, həddindən artıq istismar nəticəsində ekosistemə də ciddi təsir olacaq. Qışda dənizin buz sahəsinin azalması nəsli kəsilməkdə olan Xəzər suitilərinin balalama yerlərinin yoxa çıxmasına səbəb olacaq. Bu da çox güman ki, ekosistemlərin topdan yenidən təşkilinə gətirib çıxaracaq və milyonlarla il ərzində hövzədə inkişaf edən unikal Xəzər biotasına təhlükə yaradacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun şöbə müdiri, coğrafiya elmlər doktoru, professor Əmir Əliyevin proqnozları isə nikbindir. Onun fikrincə, 2050-ci ilə qədər dənizin səviyyəsi 3 m azalacaq. Lakin 2050-ci ildən sonra yenidən Xəzərin səviyyəsi qalxacaq. O, bunu aparılan arxeoloji qazıntılar, gəlinən elmi nəticələrə söykəndiyini vurğulayıb:

“Xəzər dənizi üzərində müşahidələr 1837-ci ildən aparılır. Bu müddətdə dənizin səviyyəsi 3 dəfə kəskin dəyişib: 1929-cu ildən 1977-ci ilə qədər dəniz səviyyəsi 3 m aşağı düşüb, 1977-ci ildən 1995-ci ilə qədər səviyyə 2,5 m artıb, 1996-cı ildən bu günə qədər 1,5 m aşağı düşüb.

Bərpa edilmiş müxtəlif məlumatlar, aparılan arxeoloji qazıntılar əsasında müəyyən edilib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi 4 min il müddətində periodikliyə malik olub. Yəni təxminən 200-250 il ərzində səviyyə aşağı düşüb, bir o müddət ərzində də yenidən qalxıb. Axırıncı ən yüksək səviyyə 1830-cu illərdə müşahidə edilib. O müddətə qədər dənizin səviyyəsi düşmə intervalında olub. Gəlinən qənaetə görə, proses 200-250 il davam edəcəksə, dəniz səviyyəsi bu günkindən 3 m-ə qədər də aşağı düşə bilər. Bu təxminən 2050-ci illərə qədər baş verə bilər. 2050-ci ildən sonra isə Xəzər dənizinin səviyyəsində yenidən qalxmalar olacaq ki, bu da periodikliyin qalxma vəziyyətinə uyğun gəlir. Lakin 200-250 illik düşmə dövründə dənizdə qalxmalar da müşahidə oluna bilər ki, təxminən bunun 30 illik dövrdə müşahidə olunduğu müəyən edilib. Hər 30 ildən bir Xəzərin səviyyəsində 0,5 m-ə qədər qalxma ola bilər. Dənizin səviyyəsinin ən son yüksəlməsi 1995-ci ildə olubsa, təxminən 2030-2032-ci illərdə 0,5 m-ə qədər qalxma ola bilər”.



Professor qeyd edib ki, Xəzərin bu tərəddüdü ətraf ərazilərə, infrastruktura, insanların fəaliyyətinə mənfi təsir göstərir. O bildirib ki, 1977-ci ildən dəniz səviyyəsi 3 m artanda təkcə Azərbaycanın təxminən 50 min ha ərazisi su altında qalıb: “Son 20 il ərzində dəniz səviyyəsinin çəkilməsi nəticəsində həmin ərazilər su altından çıxır. Lakin orada torpaq artıq şoranlaşıb və rekultuvasiya olunmalıdır. Təkcə Xəzər dənizinin səviyyəsinin azalması mənfi təsri göstərmir, eyni zamanda artması da ziyan vurur. Sonuncu 1977-1995-ci illərdə baş verən qalxma nəticəsində Azərbaycanın kənd təsərrüfatına, sənayesinə, neft təsərrüfatına və bütün ərazisinə dəyən ziyanın məbləği 2 milyard dollar həcmində dəylərləndirilib.
Hazırki vəziyyətdə dənizin səviyyəsinin enməsinin ən böyük fəsadları yenə də sahil zonasına, neft sənayesinə, xüsusilə gəmiçiliyə olacaq. Gəmilərin limanları yaxınlaşması xüsusi kanallar vasitəsilə olur, səviyyə aşağı düşdükcə kanallar dərinləşdirilməlidir. Eyni zamanda balıqçılıq sənayesinə də mənfi təsir göstərəcək. Balıqların çay deltalarında yem bazası kəskin azalr. Xəzər dənizində çəkilmə nəticəsində bir sıra ərazilər, xüsusilə Xəzərin şimalında 10-20 km ərazi su altından çıxacaq. Amma Azərbaycan ərazisində ən böyük çəkilmələr Abşeron yarmadasının yuxarı hissəsində, Sumqayıt hissəsində olacaq, hardasa 100 m-ə qədər ərazi su altından çıxacaq. Çəkilmənin fəsadları Azərbaycanın cənub ərazilərində Neftçala, Kür çayı, Astaraya qədər olan ərazilərdə də müşahidə ediləcək”.

Yağıntıların azalması ilə yanaşı, dənizi qidalandıran çayların da sululuğu azalır. Ə.Əliyev qeyd edub ki, Xəzərə ən böyük su gətirən Volqa çayının suyu 30 faiz azalıb:
“Volqanın Xəzərə ildə 300 kub km-ə qədər su gətirən vaxtları olub, indi isə heç 200-ə çatmır. Bütün proseslər göstərir ki, səviyyə aşağı düşür və buna insanlar müdaxilə edə bilməz.
Xəzər canlı orqanizmdir, həmişə səviyyəsi qalxıb, enir. Xəzərin qanunauyğunluğunu öyrənmək və onunla həmrəy olmaq lazımdır. Bu qalxıb, enmələrin qarşısını almaq mükün deyil, çünki bu, təbii prosesdir.

İnsan amilinin təsiri qısa müddətdə lokal ərazilərdə olur, amma ümumi tendensiyanı dəyişdirə bilmir. Müəyyən vaxtlarda 1940-1960-cı ilə qədər Volqa üzərində 13 su anbarı tikilmişdi. Bunların doldurulmasına xeyli su sərf olunmuşdu. O müddətdə Xəzərin qalxması bir az ləngimişdi, lakin tamamilə qarşısı alınmamışdı”.

Professor təklif edib ki, Xəzərdən yaralanan regional 5 dövlət dənizdə gedən prosesləri öyrənmək üçün vahid mərkəz yaratmalıdır. O qeyd edib ki, dənizdə gedən prosesləri izləmək baxımından nəzarət sisteminin olması vacibdir.
Əmir Əliyev dünya alimlərinin Xəzər dənizinin səviyyəsinin 9-18 m aşağı düşməsi barədə proqnozlarının faktiki məlumatlara əsaslanmadığını və sadəcə model olduğunu qeyd edib:

“Bizdə olan palitcoğrafi məlumatlar, arxeoloji məlumatlar və son 200 ilə qədər aparılan tədqiqatlar göstərir ki, belə dəyişmələr ola bilməz. 1977-ci ildə dəniz indikindən 1 m də aşağı idi. Hansısa fəlakət oldu? Bu modellər insanlarda çalışqınlıq yaradır. Riyazi hesablama aparılır, amma real təbiət tamam başqadır. Onların proqnozuna görə, 18 m səviyyə aşağı düşərsə, Xəzərin şimal hissəsi tamamilə quruyar. Belə bədbin proqnozları şəxsən qəbul etmirəm”.

“Nature” jurnalında dərc olunan məqalədə də qeyd edilir ki, dəniz səviyyəsinin düşməsinin ekoloji, iqtisadi və siyasi təsirləri dağıdıcı olacaq. Milyonlarla insanın dolanışıq vasitələri və ərzaq təhlükəsizliyi Xəzər dənizindən asılı olduğundan, bu ekosistem xidmətlərinin itirilməsi kəskin sosial-iqtisadi nəticələrə səbəb olacaq və bütün regionun iqtisadiyyatlarına mənfi təsiri olacaq.



Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region ölkələri üçün fəlakətdir və dəniz üzərindən daşımalarda daha çox öz təsirini göstərməkdədir:

“Bu təsir getdikcə artacaq. Su geri çəkildikcə limanlara yanaşma, su altı qayalıqların üzə çıxması gəmilərin hərəkət etdiyi yolların daha da çətinlişməsi ciddi problem yaradır. Şərq-Qərb dəhlizi Xəzər dənizindən keçməklə Ələt limanından davam edir. Xəzər dənizinin çəkilməsi bu layihəni də şübhə altına alır. Dəniz səviyyəsinin aşağı düşməsi qarşısı alınmaz təbii prosesdir və görünür ki, bu problem daha da dərinləşəcək. Ümidimiz Rusiyanın Avrasiya kanalı layihəsinə qalır. Onlar Qara və ya Azov dənizindən kanal çəkməyi planlaşdırırlar. Bu, həm yük daşımalarının artması, həm də suyun səviyyəsinin tarazlaşdırmaq üçün vacibdir. Layihənin dəyəri bir neçə yüz milyard dollar həcmində qiymətləndirilir. Bu layihə həyata keçirilsə, problem aradan qalxar. Lakin dəyirinin yüksək olması onun reallaşmasını şübhə altına alır”.

İqtisadçı ekspert dəniz səviyyəsinin aşağı düşməsinin vuracağı ziyanın dəyərini qiymətləndirməyin çətin olduğunu əlavə edib. Lakin o bildirib ki, bunu yükdaşımaların həcmi ilə müəyyən etmək olar. Proqnozlar əsasən yaxın 10-15 ildə rəqəmlər əhəmiyyətli dərəcədə azalacaq:
“Lakin biomüxtəlifliyin məhv olması, neft sahəsi, sahilyanı bölgələrdəki insanların təsərrüfatlarına da ziyanlar dəyəcək. Bu problem tək Azərbaycanın deyil, ona görə regional dövlətlər birləşərək həll etməlidirlər. Çünki heç kim heç nə etməsə Xəzər dənizini Aral dənizinin aqibəti gözləyə bilər”.

Dənizin səviyyəsinin enməsi gəmiçiliyə də təsirsiz ötüşməyəcək. Beləliklə, milyonlarla vəsait xərclənərək qurulan limanların gələcək fəaliyyəti də təhlükə qarşısında qalır.

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Bakı Limanı Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir, regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır.


Bəs Xəzərin çəkilməsi fonunda limanın gələcək fəaliyyətində çətinliklərin yaranmaması üçün hansı addımlar atılır?

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı yaranan vəziyyət Bakı Limanın fəaliyyətinə təsir etmir:

“Çünkü Xəzərin ən müasir və dərin limanlarından biri olan Bakı Limanının hövzəsində hazırkı dərinlik dənizdə üzən və ən çox quru yük götürən gəmilərinin suda hərəkətinə tam uyğundur. Hazırda ən böyük gəmilərin belə limana daxil olub və tərk etməsində heç bir maneə yoxdur. Onu qeyd edim ki, Bakı Limanında ən müasir qurğular vasitəsi ilə suyun dərinliyi mütəmadi olaraq ölçülür və müvafiq işlər görülür”.

E.Həbibli bildirib ki, gələcəkdə suyun səviyyəsinin azalması hər hansı bir problemə səbəb olacağı təqdirdə dib dərinləşdirmə işi görülə bilər, lakin belə bir problem hazırda mövcud deyil.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti