"Dörd ildə orta aylıq pensiya 65 faiz artıb" - Nazir

   "Dörd ildə orta aylıq pensiya 65 faiz artıb" -    Nazir
  23 Fevral 2022    Oxunub:1154
"Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib. Bu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olub".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, həmin dövrdə minimum əməkhaqqı orta hesabla 2,3 dəfə, minimum pensiya 2,2 dəfə, sosial müavinətlər 70%, ümumi sosial xərclər 2,5 mlrd. manat artıb:

"2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verib".

Nazir bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib:

"Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib".

Aytən Zəhra
AzVision.az


Teqlər: Pensiya  



Xəbər lenti