Xocalıda sonuncu toy: Bir fotonun tarixçəsi...

  Xocalıda sonuncu toy:   Bir fotonun tarixçəsi...
  26 Fevral 2022    Oxunub:8058
Bu şəkil Xocalıda baş tutan son toydan yadigardır. Vasif Qafarov hələ bir il əvvəl – 1991-ci ilin yanvarın 6-da illərdir sevdiyi Dürdanə ilə nişanlanmışdı. Valideynlərinin razılığı ilə may-iyun aylarında toyları olacaqdı. Amma həmin ərəfələrdə Xocalı ətrafında baş verən hadisələr, güllə səsləri toyun payıza təxirə salınmasına səbəb oldu.
Payızda isə Vasifin dostu evləndi. Vasif də dekabrda öz toyunu etmək istəyirdi, lakin hadisələrin gedişatı imkan vermirdi. Qohum-əqrabalarının, özünü müdafiə batalyonundakı dostlarının təkidi ilə axır ki, yanvarın 18-də toy baş tutur.

Çətinliklərə baxmayaraq toy el adəti ilə keçib. Həyətdə böyük mağar qurulub, çalğçılar gəlib, bütün rayon əhli toplaşıb. Hər gecə güllə səsləri eşidən insanlar bir anlıq da olsa, dərddən uzaqlaşmaz istəyirdilər.

AzVision.azXocalı faciəsinin otuzuncu ildönümündə faciəyə şahidlik edən xocalılı Vasif Qafarovla söhbətləşib. Xocalının sonuncu bəyi kimi yaddaşlarda qalan müsahibimiz toy gününü xatırlayıb.

- Ancaq axşam saat 8-də məclisi sonlandırdıq. Çünki gecələr işıqları söndürürdük ki, ermənilər evləri vurmasın. Sanki hər kəs bunun Xocalıda son toy olacağını bilirdi. Həm də 2-3 ay idi ki, toy olmurdu, insanlar ancaq gecə-gündüz atışma səsləri eşidirdilər.



Biz Dürdanə (həyat yoldaşı - red.) ilə qonşu idik. Onda mən Xocalının yanacaqdoldurma məntəqəsində işləyirdim, Dürdanə də rabitəçi idi, Xocalı rabitə şöbəsində çalışırdı. Hadisələr başlayandan sonra könüllü özünümüdafiə batalyonuna qoşuldum. Xocalıdan çıxanda mənim 26, Dürdanənin isə 22 yaşımız vardı,- deyə Vasif ötən günləri ah çəkərək xatırlayır.

"Yanvar ayında Şuşaya gedən helikopterin vurulmasından sonra ətrafdakı ermənilər daha da qızışdı. Fevral ayına keçəndə artıq günlərlə evə gəlirmirdik, döyüşlərdə olurduq. Çalışırdıq ki, kəndlərdən əhalini çıxarmağa yardım edək. Fevralın 13-də bizdən yuxarıda Malıbəyli, Quşçular kəndlərində döyüş getdi. 366-cı polkdan texnikalar bizi vurur və köməyə getməyə qoymurdu. Bundan sonra tamam başqa ab-hava formalaşdı. Həmin vaxtı Bakıdan 22 nəfər könüllü, milli qəhrəman Aqil Quliyevin dəstəsi də gəlmişdi. Fevralın 18-dən ermənilər mütəmadi olaraq Alma bağı istiqamətində cəmləşdilər, oradan texnikadan bizə atəş açırdılar. Fevralın 19-20-si orada əməliyyat keçirdik ki, heç olmazsa onları bir az susduraq. Alma bağındakı döyüşdə Aqil Quliyevin dəstəsindən bir nəfər şəhid oldu. Natiq adlı gənc oğlan idi, onu meyitini Ağdama göndərə bilmədik, imkan vermirdilər, məcbur olub gecə dənf etdik”.


Vasif Qafarov deyir ki, faciə gecəsi Xocalıda hava dumanlı idi, qar yağırdı. Artıq bütün texnikalar Xocalı istiqamətində yığılmışdı və gecə 10-a işləmiş güclü artilleriya atəşi başladı. Xocalıda arvad-uşaq, qoca dolu idi. Kətik meşəsinin yanında "Çayqovuşan" deyilən yerdə guya ermənilər əhalinin çıxması üçün dəhliz qoymuşdular. Gecə saatlarında millət ora toplaşdı. Məlum oldu ki, bizdən qabaqda gedənlər ermənilərin mühasirəsinə düşüblər.

Təsəvvür edin, fevral ayı, yerdə qar və insanlar o soyuqda çayı keçib meşəyə girdilər. 12 kilometr Ağdam istiqamətində yol getməyə başladıq. Səhərə yaxın Qaraqaya deyilən istiqamətə çatanda gördük ki, atışma səsləri gəldi. Məlum oldu ki, bizdən qabaqda gedənlər ermənilərin mühasirəsinə düşüblər. Ən böyük dəhşət orada yaşandı. Biz ora çatanda Əsgəran istiqamətindən üç ZTR və üç maşın hərbiçi gəldi. ZTR yolun ortasında dayandı və kim Ağdam-Şelli istiqamətinə keçə bildisə, keçdi, keçə bilməyəni isə meşəyə doldurdular. Meşə istiqamətində girov düşənlər oldu, qalanları da qırıldı. Meşə meyitlərlə dolu idi.

Fevralın 13-də Xocalıya sonuncu helikopter gəlmişdi, 150-200 nəfər adamı Xocalıdan çıxardı, anamı, atamı, yoldaşımı da o vaxt yollamışdım. Özüm qalıb insanlara kömək edirdim. Amma faciə günü qohum-əqrəbalarımızın çoxu həlak oldu. Şəkildə gördüyünüz əmimoğlu, əmimqızı Dürdanə qardaşı ilə əsir düşdülər. Arxamda duran 3 dostum - Əliyar və qardaşları girov düşdü. İndiyə qədər onlardan xəbər yoxdur. Digər tərəfimdə olan Elşən də girov getdi, anası meşədə qaldı”.

V.Qafarov bildirib ki, Xocalı faciəsi illər ötsə də unudulmayacaq: “Biz 44 günlük Vətən müharibəsində düşmənin üzərində qələbə çaldıq, rayonlarımız işğaldan azad edildi. Təbii ki, buna görə Ali Baş Komandanımıza və Müzəffər Ordumuza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlar bizə qələbəni yaşatdılar. İndi gedişat onu göstərir ki, biz tezliklə Xocalıya qayıdacağıq”.

Vasif Qafarovun bir qızı, iki nəvəsi var. Xocalıdan çıxanda bütün şəkilləri, sənədləri evdə qalmışdı. Sonradan şəklin necə tapılmasını belə xatırlayır:

- O vaxt şəkilləri götürmək heç kimin yadına da düşmürdü, hamısı qalmışdı Xocalıda. Bizim toyumuzun şəkillərini Əliş dayı çəkmişdi. Xocalıdan çıxanda öz fotoaparatını da gətirmişdi. Biz Pirşağıda 2 nömrəli evtikmə kombinatının pansionatında məskunlaşdıq, onlar da Qızılqum pansionatında idilər. Aradan 4-5 ay keçmişdi, may idi. Əliş dayı şəkillərin onda olduğunu dedi və çıxarıb bizə 3-4 ədəd verdi. Onlardan biri də hər yanda yayılan həmin şəkil idi. Şəkilləri əlimə alıb baxanda çox pis oldum. Yaşadıqlarımız, yaxınlarımızın həyatda olmaması ağır təsir edirdi. Hələ onda təzə idi, Xocalıdan çıxmağımızdan 3-4 ay keçmişdi. Ümid edirdim ki, Əliyar, Elşən gələcəklər. Amma 30 ildir öldü-qaldılarından xəbər yoxdur”.







Aytən Zəhra

AzVision.az


Teqlər: Xocalı   Sontoy  



Xəbər lenti