"Doğum günündən 3 gün sonra şəhid xəbəri gəldi" - Milli Qəhrəmanın xanımı

 "Doğum günündən 3 gün sonra şəhid xəbəri gəldi" -  Milli Qəhrəmanın xanımı
  31 Mart 2022    Oxunub:902
“31 Mart Azərbaycanlıların Soyqırımı günü olduğu üçün Murad doğum tarixini sonrakı günlərə keçirirdi. Biz heç vaxt onun ad gününü həmin vaxt qeyd etməzdik. Murad şəhid olandan sonra isə artıq 6 ildir ki, martın 31-də məzarı üstünə gələrək onu yad edirik".
AzVision.az xəbər verir ki, bunu Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin xanımı həyat yoldaşının doğum günləri ilə bağlı xatirələrini bölüşərkən deyib.

"2016-cı ildə martın 31-də 40 yaşı tamam oldu. Üstündən 3 gün keçəndən sonra, aprelin 2-dən 3-ə keçən gecə şəhid xəbərini aldıq. Sonuncu doğum günündə birlikdə olmadıq. Onlar martın 28-dən getmişdilər. Övladlarımla fikirləşirdik ki, gələndən sonra birlikdə qeyd edərik.

Uşaqlar atalarının yoxluğunu hiss edə-edə bu günü keçirirlər. Bizim üçün çox çətindir".

F.Mirzəyeva bildirib ki, Murad Mirzəyev gözəl ata olmaqla yanaşı, peşəkar, qəhrəman zabit olub:
“Murad Mirzəyev 2016-ci ilə qədər ailənin qəhrəmanı idi, 2016-cı ildən sonra isə Azərbaycanın qəhrəmanı oldu. Biz şəhid ailələri iki hissi bir arada yaşayırıq: Azərbaycan himni səslənəndə həm kədərlənirəm, eyni zamanda fəxr hissi keçirdirəm. Hər insan şəhidlik zirvəsinə ucala bilməz, torpağına görə şəhid ola bilməz. Zabitlər, əsgərlər, qəhrəmanlarımız torpaq üçün yaranmışdılar və Vətən üçün də canlarından keçdilər”, -deyə Şəhid xanımı bildirib.

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2-5 aprel döyüşləri zamanı şəhid olub.

Zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. Şəhid zabitin nəşi aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.









Aytən Zəhra
AzVision.az


Teqlər: MuradMirzəyev   Qəhrəman  



Xəbər lenti