Bağlanan modul tipli xəstəxanalar söküləcək? - Açıqlama

   Bağlanan modul tipli xəstəxanalar söküləcək? -    Açıqlama
  31 Mart 2022    Oxunub:1869
Azərbaycanda gündəlik koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında ciddi azalma müşahidə edilir. Son məlumata görə, ölkədə 62 nəfər COVID-ə yoluxub. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7- i fəaliyyətini davam etdirir ki, bunların da bir çoxu modul tipli xəstəxanalardır.
Modul tipli xəstəxanalar koronavirusla mübarizə tədbirlri çərçivəsində səhiyyənin yükünü azaltmaq üçün istifadəyə verilmişdi. Yoluxma sayı azaldığı üçün bu müəssisələrdə fəaliyətini dayandırır. Bəs bundan sonra həmin xəstəxanaların aqibəti necə olacaq? Onlar söküləcək, yoxsa saxlanılacaq?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Zamirə Ədilova AzVision.az -ın sorğusuna cavab olaraq bildirib ki, modul tipli xəstəxanalar zərurət yarandığı halıda yenidən tibbi xidmətin göstərilməsi üçün fəaliyyət göstərəcək:

“Modul tipli xəstəxanalar forsmajor hallar üçün nəzərdə tutulan tədbirlər çərçivəsində yaradılan müəssisələrdir. Pandemiya dövründə səhiyyənin yükünü aradan qaldırmaq üçün alternativ xəstəxanalar və mübarizə tədbirlərinin cəlb olunması üçün tibbi personal müəyyənləşmişdi. Hazırda bu müəssisələr boşdur. Zərurət yarandıqda yenidən istifadə olunacaq. Onlar sökülməyəcək, yığılmayacaq. Orada işləyənlər isə TƏBİB-in tabeliyindəki tibbi müəssisələrdən cəlb olunmuş tibbi heyət idi. Bundan sonra onlar ezam oldunduqları tibb müəssisələrində fəaliyətlərini davam etdirəcəklər”.



Aytən Zəhra
AzVision.az



Teqlər: Modulxəstəxana  



Xəbər lenti