Nazir: "Azərbaycanın hakim korpusu 75 faiz yenilənib"

      Nazir:    "Azərbaycanın hakim korpusu 75 faiz yenilənib"
  05 Aprel 2022    Oxunub:1435
Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusu 75 faiz yenilənib. Onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir".
AzVision.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimatı zamanı deyib. O bildirib ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətdə saxlanılıb:

"Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilib, onlar "Elektron məhkəmə" sistemi ilə təchiz olunublar.

Penitensiar sistemin islahatı da başqa bir xüsusi əhəmiyyət daşıyan istiqamətdir.
Bu günlərdə cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni müəssisələr istifadəyə verilib.

Biz bu müəssisələrdə geniş ictimai təqdimat və media tur keçirmək niyyətindəyik.

Onu da qeyd etməliyəm ki, ölkəmiz humanizm ideyalarına daim sadiqlik nümayiş etdirir. Belə ki, ötən dövrdə ölkə Prezidenti tərəfindən 6 minə yaxın şəxs əfv olunub. Torpaqlarımızın Vətən müharibəsi nəticəsində işğaldan azad olunmasının ildönümü, 8 noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktı 17 mindən çox şəxsə tətbiq edilməklə əhatəliliyinə görə ən geniş olub".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti