Niyə Zəfər var, əsər yoxdur: Sənətçilərin fikirləri

// Yaradıcı insanların məsələyə baxışları haçalanır

 Niyə Zəfər var, əsər yoxdur:  Sənətçilərin fikirləri
  14 Aprel 2022    Oxunub:1611
Mədəniyyət, incəsənət bütöv bir xalqın, onun tarixinin yaşaması üçün ən vacib sahədir. O özündə keçmişi, indini və gələcəyi mütləq əks etdirir. İstər bir musiqi, kino, istər rəsm əsəri, yaxud da kiçik bir şeir xalqların taleyi haqqında özlüyündə çox şeydən xəbər verir.
Qarabağ uğrunda canından keçən oğulların vətənpərvərliyi, qəhrəmanlığı əsərlərin yaddaşına köçürülməlidir ki, bugünün uşaqları da gələcəyin qəhrəmanına çevrilsin. Axtardıqları həqiqi vətənpərvər prototiplərini tapa bilsinlər. Torpaqlarımızın 30 illik işğalına son qoyan şanlı Azərbaycan Ordusu haqqında təsəvvür tam olsun. Qəhrəmanlığı ilə seçilən əsgərlərimiz, zabitlərimiz yazıçılarımızın ilham mənbəyinə çevrilməlidir.

Kiçik bir nümunəni Birinci Qarabağ Müharibəsi dövründən gətirmək olar. Bəstəkar Cavanşir Quliyevin “Əsgər marşı" xeyli gəncin könüllü şəkildə Azərbaycan ordusu sıralarına qoşulmasına səbəb olmuşdu. Yaxud da Şəmistan Əlizamanlının ifa etdiyi “Cənab leytenant”, “Qalx Azərbaycan”, “igid əsgər, möhkəm dayan” mahnıları bu gün Qarabağı azad edən əsgərlərimizin tərbiyəsində mühüm rol oynayıb. Belə əsərlər indi niyə yaranmır?

- Bədii əsəri planla yazmazlar,- bəstəkar Cavanşir Quliyev AzVision.az -a deyib,- Bunu tələb edən bədii sənətdən uzaq adamdır. "Müharibə başladı, mən yazım" deməklə olmur. Ola da bilər, olmaya da. Yaradıclıq heç bir plana, cədvələ uymayan bir şeydir. Birinci Qarabağ savaşında sənət adamları cəbhə bölgəsinə gedirdik. Xalq olaraq həm yardım aparırdıq, həm də onlara ürək-dirək verirdik. Oradakı əsgərlərin vəziyyətini, durumunu görürdük. Bu da insanın içini silkələyirdi. Təəssüratlar içinə dolurdu. İkinci Vətən müharibəsi savaşında isə haqlı yasaq var idi. Bu baxımdan da insanlar real müharibədən bir az uzaqda qaldı. Sənətkar da emosional insandır. Duyğularını bir şey oynatmalıdır ki, tərpənsin. Səbəblərdən birini mən bunda görürəm.

Bəstəkarın fikrincə, bu mövzuda əsərlər hələ yazılacaq. Bir çox sənət adamları, ədəbiyyatçılar, rəssamlar bu mövzu üzərində işləyirlər. Rusiyada hələ də 1941-1945-ci illərin müharibəsi ilə bağlı əsərlər yazılır.Yəni, bunun zamanı yoxdur.

Cavanşir Quliyevin özü Vətən müharibəsi ilə bağlı bir neçə əsər yazıb. Birinin adı “Zirvə"dir. Zirvəni fəth etmiş əsgərə həsr olunmuş marşdır. Digəri “Turan marşı"dır.
- “Zirvə” marşının notlarını bir il bundan öncə Mədəniyyət Nazirliyinə təhvil vermişəm ki, Flarmoniyada orkestrlə birlikdə solist oxusun. Hələ də ifa olunmur. Sualı belə qoymaq lazımdır ki, yazılanlar ifa olunurmu? - bəstəkar qarşılıqlı iradını bildirib.

Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı da hazırda marş üzərində çalışdığını deyib.


“İndiyə kimi dədə-baba torpaqlarımızı azad edən müzəffər ordumuzun qələbəsinə həsr olunan, ona layiq bir qələbə marşı yazılmayıb. Məni hazırda narahat edən odur. Biz artıq belə bir marşın üzərində işləyirik. Şeirin müəllifini hələ açıqlmaq istəmirəm. Yəqin ki, bir-iki aya hazır olacaq. Bu möhtəşəm qələbənin möhtəşəm də marşı olmalıdır. Bu, böyük qələbədir. Tarixə, dünyaya səs salan, xalqımızı dünyada qəhrəman xalq kimi tanıdan bir qələbədir. Düşünürəm ki, bu qələbə marşı da “Cənab leytenant” kimi qəlblərə yol tapacaq. Şəhidlərimizin ruhuna və qəhrəmanlarımızın igidliyinə layiq bir marş olacaq. Gərək Müdafiə Nazirliyi, yaxud da digər qurumlar müsabiqə elan edəydi. Eybi yox, gec olsun, amma yaxşı olsun”,- o bildirib.

Xalq şairi Vahid Əziz vəziyyətin heç də danışılan kimi kafi olmadığını bildirib: “Gecə- gündüz şəhidlərdən, qələbədən oxuyurlar. Bunu kimlərsə görmürsə, mən nə deyim?! “Şuşam mənim”, “Vətən” kimi şeirlərimi Vətən müharibəsindən sonra yazmışam, musiqi bəstələnib və Fidan Hacıyeva oxuyub. Müharibə dövründə 100-ə qədər şeir yazdım, bir poemam nəşr olundu. İki dəfə ədəbiyyat qəzetində şeirlərim çap olundu. Daha sonra 1988-ci ildən bəri yazdığım vətənpərvər mövzuda şeirlərimi yığıb yenidən kitab halında çap etdim.


Bu gün aranjmançı mahnını aranjman etmək üçün müəllifdən 2000 manat pul istəyir. Studiya səs yazmaq üçün bir saata 50 manat tələbi qoyub. Müğənni oxumaq üçün ən azı min manat pul istəyir. Bəstəkara da pul verməlisən. Əhli-qələmin isə cibində o qədər pulu yoxdur. Gərək dövlət dəstək olsun. Dövlət dəstək olmursa, nə edə bilərəm ki?”

Yazıçı Xanım Aydının fikrincə, müharibə ilə bağlı filmlərin çəkilmədiyini demək haqsızlıq olar. "Biz” sənədli filmi, sənədli-salnamə janrında "Görünməyən qəhrəmanlar” adlı film çəkilib. Bura "27 Sentyabr”, "Hərbi Hava Qüvvələri”, "Hərbi Dəniz Qüvvələri”, "Artilleriya”, "DSX” filmləri daxildir. İkinci Qarabağ savaşı zamanı müharibənin acı həqiqətlərini dünyaya çatdıran, "CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk və kameramanı Halil Kahramanın yaşadıqlarından bəhs edən "Fulya” filmi də Türkiyənin "Dada Yapım” şirkəti ilə birgə istehsal olunub.


Bunlardan başqa, "Həyat, deyəsən, gözəldir – Fəryad 2”, "Müharibə uşaqları”, "Köşk” kimi filmlər çəkilib və çəkilir. Faiq Sücəddinov Səlim Babullaoğlunun sözlərinə “Zəfər” simfonik poemasını yazıb. Şərif Ağayar “Komandir”, Mirmehdi Ağaoğlu “Zəfərin izi ilə”, Elxan Zal “Ordu günü”, İlhamə Dağlı “Bayrağı öpən ruhlar”, Zahid Sarıtorpaq “Qiyamət qaziləri” və s. kimi əsərlər dərc etdirib.


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva isə bildirib ki, teatr özü opera yaza bilməz: "Bəstəkar yazsın ki, biz də səhnələşdirək. Yazılan da teatrın tələblərinə cavab verməlidir. Gələcəkdə müraciət olarsa, bədii şura bəyənərsə, niyə də olmasın, səhnəyə qoyula bilər. Bu mövzuda müraciət olunmayıb”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti