TƏBİB media ilə açıq dialoq formatında görüş təşkil edib I FOTOLAR

TƏBİB media ilə açıq dialoq formatında görüş təşkil edib    I FOTOLAR
  25 İyun 2026    Oxunub:185
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə media qurumlarının nümayəndələri üçün açıq dialoq formatında görüş keçirilib.
Görüşün məqsədi ictimaiyyətin düzgün və operativ şəkildə məlumatlandırılması, media ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri ilə bağlı kommunikasiya proseslərinin daha sistemli qurulması olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə bildirib ki, tibb sahəsində kommunikasiya məlumatların paylaşılması ilə yanaşı, ictimai etimadın formalaşmasına xidmət edən davamlı prosesdir. Kommunikasiya prosesində əsas məqsəd isə görülən işləri və aparılan dəyişiklikləri vətəndaşlara daha aydın, vaxtında və düzgün çatdırmaqdır. Bu baxımdan “Bu günün işi – sabahın nəticəsi” yanaşması TƏBİB-in gündəlik fəaliyyətində görülən real işlərin vətəndaş məmnunluğuna və xidmət keyfiyyətinə təsirini izah edən mühüm kommunikasiya xətti kimi dəyərləndirilir.

TƏBİB-in icraçı direktorunun müavini Rahim Hüseynov tabeli tibb müəssisələrinin gündəlik fəaliyyəti və xidmət proseslərinin yerlərdə düzgün təşkili məsələlərinə toxunub. O bildirib ki, media tərəfindən işıqlandırılan mövzular bir çox hallarda vətəndaşların real gözləntilərini və tibb müəssisələrində diqqət tələb edən məqamları daha aydın görməyə imkan verir. TƏBİB üçün prioritetlərdən biri vətəndaşların müraciətlərinə daha operativ baxılması, çağırışlara sürətli reaksiyaların verilməsində tibb müəssisələri ilə mərkəzi idarəetmə arasında koordinasiyanın gücləndirilməsidir.

TƏBİB-in icraçı direktorunun müavini Bahadur Rzayev isə çıxışında media ilə davamlı dialoqun informasiya mübadiləsi baxımından, eləcə də tibb xidmətlərinin daha pasiyentyönümlü təşkili üçün vacib olduğunu bildirib. O qeyd edib ki, vətəndaş müraciətləri, media sorğuları və ictimai müzakirələr sistemdə mövcud olan çağırışların daha aydın görünməsinə imkan yaradır. Bu çağırışlara münasibətdə əsas yanaşma ayrı-ayrı hallara cavab verməklə məhdudlaşmamalı, onların səbəblərinin təhlili və sistemli həll yollarının formalaşdırılması üzərində qurulmalıdır.

Sonda jurnalistlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, media sorğularının cavablandırılması, tibb müəssisələri ilə bağlı məlumatların dəqiqləşdirilməsi, ictimai maraq doğuran mövzuların işıqlandırılması və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, gələcəkdə də görüşlərin bu formatda davamlı keçiriləcəyi bildirilib.

Qalereya




Teqlər:



Xəbər lenti