Ölkədə 30 min avtomobil utilizasiya olunub

Ölkədə    30 min avtomobil    utilizasiya olunub
  19 İyun 2026    Oxunub:161
Ölkəmizdə 2024-cü ildə 1966, 2025-ci ildə 19 min 840, 2026-cı ilin ötən dövründə isə 13 min 330 nəqliyyat vasitəsi utilizasiya üçün təhvil verilib.
Bu barədə Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin dövlət avtomobil müfəttişi Aslan Hacıyev məlumat verib. O bildirib ki, həmin nəqliyyat vasitələri qeydiyyatdan çıxarılıb və indiyə qədər onlardan 30 mini utilizasiya olunub.

- Utilizasiya proqramı köhnə və texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması yolu ilə həm yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə, həm də ətraf mühitə atılan zərərli tullantıların azaldılmasına mühüm töhfə verir. Köhnə nəqliyyat vasitələrinin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin artırılmasına, texniki nasaz nəqliyyat vasitələrinin yollardan uzaqlaşdırılmasına, atmosferə atılan zərərli qaz və tullantıların azaldılmasına, ətraf mühitin qorunmasına, avtomobil parkının yenilənməsinə kömək edir, - Aslan Hacıyev bildirib.

Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində satışı həyata keçirilən maşınların marka və modellərinə gəlincə, bunlar “Chevrolet”, “Isuzu”, “JAC”, “VGV”, “Bestune”, “Lada”, “UAZ”, “GAZ” və “Xəzər” markalı nəqliyyat vasitələridir. Yaxın zamanda yeni yerli marka və modelləri də əldə etmək mümkün olacaq. Yaxın zamanda Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək.


Teqlər: Avtomobil  



Xəbər lenti