Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim keçirilib │ FOTOLAR

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim keçirilib  │ FOTOLAR
  09 İyun 2026    Oxunub:305
8 iyun 2026-cı il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub.
Təlimin məqsədi təcili hallarda qərarvermə, pasiyentin vəziyyətinin operativ qiymətləndirilməsi, ilkin tibbi yardımın təşkili və məhdud zaman şəraitində effektiv müdaxilə bacarıqlarının təkmilləşdirilməsi olub.

Proqram çərçivəsində iştirakçılar hava yolunun açıqlığının təmin edilməsi, tənəffüs və qan dövranının qiymətləndirilməsi, eləcə də həyati təhlükə yaradan vəziyyətlərdə ilkin müdaxilə prinsipləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlim zamanı şok vəziyyətlərinin və ürək ritm pozğunluqlarının tanınması, təxirəsalınmaz hallarda düzgün qərarvermə və müdaxilə alqoritmləri üzrə praktiki məşğələlər keçirilib.

Bununla yanaşı, iştirakçılar xüsusi tətbiq vasitəsilə daxil olan çağırışların qəbulu, operativ qiymətləndirilməsi, prioritetləşdirilməsi və çağırışa uyğun ilkin tibbi yardımın təşkili üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdiriblər.

Təlim real klinik vəziyyətlərə əsaslanan ssenarilər üzərində qurulub. İştirakçılar müxtəlif halları təhlil edərək təcili tibbi yardım xidmətində operativ reaksiya və müdaxilə bacarıqlarını tətbiq ediblər.

Keçirilən təlim təcili tibbi yardım əməkdaşlarının peşəkar hazırlığının gücləndirilməsinə, çağırışlara daha operativ reaksiya imkanlarının artırılmasına və əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Təlim TƏBİB tərəfindən təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılması və əməkdaşların praktiki bacarıqlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti