Azərbaycanda ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib

Azərbaycanda ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib
  13 İyun 2026    Oxunub:271
2026-cı il iyunun 12-də “İBİS” otelində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib.
Turnirin keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək vermək, hüquq ictimaiyyətinin nümayəndələri arasında intellektual yarış mühitini təşviq etmək, habelə hüquqşünasların bu sahədə bacarıqlarının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq olub.

Hüquq ictimaiyyəti arasında ilk dəfə təşkil olunan yarışda Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Hakimləri İttifaqını təmsil edən komandalar mübarizə aparıblar. Hər qurum yarışda 7 nəfərdən ibarət 1 komanda ilə təmsil olunub.

Açılış mərasimində çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb və qarşıdan gələn Milli Qurtuluş Günü münasibəti ilə hər kəsi təbrik edib.

Turnirin əhəmiyyətinə toxunan sədr bildirib ki, bu cür yarışlar hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və peşəkar həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir.

Anar Bağırov Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və müasir dövlətçilik tarixində müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunmasında, ictimai-siyasi sabitliyin bərqərar olunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici rol oynayıb.

Sədr vurğulayıb ki, dahi liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub, milli maraqlara əsaslanan güclü dövlətçilik modeli formalaşdırılıb və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib. Diqqətə çatdırılıb ki, həyata keçirilən ardıcıl islahatlar ölkənin hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vəkillik institutlarının inkişafı üçün əlverişli zəmin yaradıb.

Eyni zamanda Anar Bağırov son illər Vəkillər Kollegiyasında idman və intellektual oyunların təşviqinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif yarış və turnirlərin mütəmadi olaraq təşkil edildiyini deyib. Nəzərə çatdırılıb ki, 2019-cu ildən etibarən Kollegiyanın təşəbbüsü ilə şahmat üzrə ölkədaxili və beynəlxalq səviyyədə beşdən artıq turnir təşkil olunub və bu yarışlarda uğurlu nəticələr əldə edilib. Sədr belə təşəbbüslərin hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayaraq, gələcəkdə də oxşar yarışların davamlı şəkildə keçirilməsinə ümid etdiyini söyləyib.

Həmçinin sədr bu təşəbbüsə dəstək verən və turnirdə iştirak edən qurumların rəhbərlərinə təşəkkürünü bildirib. Anar Bağırov yarışın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasına, eləcə də tədbirin baş sponsoru olan "BOA Agency” şirkətinə minnətdarlığını ifadə edib.

Azərbaycan Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxış edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, bu cür yarışlar idmanın və sağlam həyat tərzinin təşviqinə, şahmatın daha geniş kütlələr arasında təbliğinə xidmət etməklə yanaşı, hüquq sahəsində fəaliyyət göstərən qurumlar arasında dostluq münasibətlərinin, qarşılıqlı anlaşmanın və peşəkar əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Ələddin Cəfərov turnirin təşkilinə görə təşəkkürünü bildirərək, bu təşəbbüsün gələcəkdə də davam etdirilməsinin hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov çıxışında isə bu cür yarışların hüquq ictimaiyyəti nümayəndələri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin təşviqi və idmana marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

Sədr müavini təşkil olunan turnirin gələcəkdə də davam etdiriləcəyinə və artıq gözəl bir ənənəyə çevriləcəyinə əminliyini ifadə edib.

"BOA Agency” ASC-nin direktoru Samir Mustafayev çıxış edərək turnir iştirakçılarına uğurlar diləyib, intellektual və idman yönümlü layihələrin dəstəklənməsinin cəmiyyət üçün faydalı olduğunu deyib. O, gələcəkdə də bu kimi yarışların və sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirib.

FİDE arbitri Cavanşir Bağırov isə çıxışında turnirin keçirilmə qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, yarış dairəvi sistemi üzrə 2 dövrədən ibarətdir. Arbitrin sözlərinə görə, bu format komandaların öz güclərini daha obyektiv şəkildə nümayiş etdirməsinə və yarışın yüksək rəqabət şəraitində keçməsinə imkan yaradır.

Sonra Kollegiya sədri Anar Bağırov şahmat taxtası üzərində ilk gediş gedərək oyunu açıq elan edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qalibi ədliyyə orqanlarının əməkdaşlarından ibarət komanda olub. İkinci yerin sahibi vəkillər və üçüncü pillədə isə hakimlər qərarlaşıb.

Sonda turnirin qaliblərinə “Baku Book Center” kitab mağazasından hədiyyə kartları, kubok və diplomlar təqdim edib.

Qeyd edək ki, “Hüquq Liqası 2026” şahmat turnirinin keçirilməsinə təşkilatı dəstəyi Azərbaycan Şahmat Federasiyası tərəfindən göstərilib. Yarışın baş sponsoru isə “BOA Agency” ASC-dir.



Qalereya




Teqlər:



Xəbər lenti