"Qarabağdakı su anbarlarından müxtəlif istiqamətlər üzrə istifadə olunacaq" - ETSN

   "Qarabağdakı su anbarlarından müxtəlif istiqamətlər üzrə istifadə olunacaq" -    ETSN
  14 Aprel 2022    Oxunub:623
"Azad olunan ərazilərdəki çayların vəziyyətinin öyrənilməsi üçün mütəmadi iş aparılır. Aparılan araşdırmalara əsasən, Ermənistan ərazisindən daxil olan transsərhəd çayı olan Oxçuçayın suyunda və dib çöküntülərində bir sıra çirkləndirici maddələrin, xüsusilə də ağır metalların normadan, bəzi hallarda hətta dəfələrlə artıq olduğu məlum olub"
Bunu AzVision.az -a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, çirklənmənin mənbəyi Ermənistan ərazisində yerləşən dağ-mədən kombinantlarıdır:

"Həmçinin ətraf ərazilərdə olan məişət, istehsalat və sənaye tullantılarının təmizlənmədən birbaşa çaya axıdır. Biz bunun dəhşətli kadrlarını da görmüşük.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi kimi işğal dövründə ölkəmizin bütün su mənbələri, çayları, anbarları ekoloji terrora məruz qalıb. İşğal dövründə həmin sulardan, çaylardan istifadədə məhdudiyyət var idi. Xüsusilə də Tərtərçayla bağlı ekoloji fəlakət yaşanmışdı”.

R.Səttarzadə bildirib ki, azad edilmiş ərazərdə 10 çay üzərində 11 müasir hidroloji stansiyalar quraşdırılır:

"Stansiyalardan məlumatların onlayn rejimdə elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülür, mütəmadi şəkildə monitorinqlər keçirilir. Bununla da təhlükə yaradacaq hidrometeroloji hadisələri izləmək mümkün olacaq. Sel və daşqın hadisələri barədə proqnoz vermə imkanları genişlənəcək. Bölgənin su ehtiyatlarının dəyişməsi prosesi də qiymətləndiriləcək".

R.Səttərzadə qeyd edib ki, işğaldan azad edilən 14 əsas çay var və onların hamısının suyundan istənilən məqsədlər üçün istifadə edilə bilər:

"İçməli su kimi istifadə etmək üçün monitorinqlər aparılmalıdır. Azad olunan ərazilərdə 9 su anbarı mövcuddur. Onların həcmi 600 milyon kubmetrdən çoxdur. Ermənilər bizləri onlardan məhrum qoymuşdu. Həmin su anbarlarından əkin sahələrinin suvarılması üçün müxtəlif istiqamətlər üzrə imkanlar yaradılıb. Həm insanların istifadəsi, həm kənd təsərrüfatının inkişafı, həm də elektrik enerjisinin istehsalı və digər sahələr üçün su anbarları vasitəsilə mümkün olacaq".

Müşavir qeyd edib ki, su ehtiyatlarından səmərli istifadə əsas hədəflərdəndir:

"Çünki nəinki bütün dünyada, eləcə də ölkəmizdə su ehtiyatları azalır. Əlavə su itkilərinin azaldılması və sudan qənaətlə istifadə etmək lazımdır. Bununla bağlı müxtəlif istiqamətlərdə işlər görülür. Alternativ su mənbələrindən və sudan təkrar istifadə ilə bağlı layihələrin icrası nəzərdə tutulur. Uçot qiymətləndirmə sisteminin qurulması da bu sahədə görüləcək işlər sırasındadır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti