"Nifrətim hər keçən gün güclənir, bu qədər lağlağı olar?" - Azərbaycanlı model

   "Nifrətim hər keçən gün güclənir, bu qədər lağlağı olar?" -    Azərbaycanlı model
  26 Aprel 2022    Oxunub:859
“Best Model of The World” titulunun sahibi, azərbaycanlı model Rüstəm Cəbrayılov işsizlikdən şikayətlənib.
AzVision.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

“Aylıq maaşı olanları çıxmaq şərti ilə elə bil digərlərinə həyat dayanıb. Dekabrdan bu tərəfə, demək olar ki, ölkədə nə kino çəkilir, nə də reklam. Ondan əvvəl də vəziyyət ürəkaçan deyildi. Nə edək, biz də indi aylıq maaşı olan bir iş tapıb 16 il çəkdiyimiz əziyyətin bəhrəsini görmədən bu sahənin səhifəsini bağlayaq?”, - Cəbrayılov sosial şəbəkə hesabında yazıb.

Model məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də müraciət etdiyini qeyd edib: “Kiçik bir qığılcım belə yoxdur. Mən bir vətəndaş, azərbaycanlı olaraq öz sahəmdə 98 ölkə içində “Best Model of The World” (dünya birincisi) seçilmişəm, Nyu-Yorkda podiuma, Fransa və İtaliyada fəşn mərkəzlərdə səhnəyə çıxmışam, 5 önəmli filmdə əsas rol ifaçısı olmuşam və daha nələr-nələr... Bundan artıq daha nə etmək lazımdır ki...”



Cəbrayılov teatrda da işə düzələ bilmədiyini vurğulayıb: “Bacarmırsınız, çəkilin qırağa ya da bacaranlara şərait yaradın, bir iş görək də, ömürdən gedir axı, bu qədər lağlağı olar? Mən ömrümü bu sahəyə ayırdım, bu gün yaxşı olar, sabah yaxşı olar... Bütün dünya ölkələrində yaxşı oldu, bir bizdə yaxşı olmadı. Xaricdə çox böyük çəkilişlərdə oldum, “fashion weeklər”də oldum, çox məşhur insanlarla çalışdım, böyük təcrübə yığdım. İndi də 35 yaşım var. Maraqlıdır, hansı dövlət qurumu məni işə qəbul edər? Nə bilim... Onu bilirəm ki, nifrətim hər keçən gün güclənir, heyif...”.







AzVision.az


Teqlər:



Xəbər lenti