Okeanların ekosistemi məhv olur: Turşuluq ən yüksək həddə çatdı
Okeanların sürətli istiləşməsi dünyadakı balıq populyasiyasının azalmasına və yerli icmaların, ilk növbədə balıqçılıq təsərrüfatının, eləcə də qütb və yüksək dağ rayonlarının iqtisadiyyatının təhlükə altına düşməsinə səbəb olub. Bütün bunlar antropogen istixana qazları emissiyaları nəticəsində davam edən iqlim dəyişikliyinin nəticəsi idi. Ekstremal temperaturlar mərcan rifləri, manqrov meşələri və dəniz otu yataqları kimi həyati əhəmiyyətli dəniz ekosistemlərini təhdid edir.
Ümumdünya Meteorologiya Təşkilatı həmçinin okeanlarda pH səviyyəsinin ən azı 26 000 ilin ən aşağı səviyyəsinə çatdığını təsdiqləyib. Okeanların turşuluğu artdıqca, onların atmosferdən karbon qazını udmaq qabiliyyəti durmadan azalır.
Son on ildə hər il orta hesabla 4,5 mm artdıqdan sonra dəniz səviyyəsi də keçən il rekord həddə çatıb. Bu, 1993-2002-ci illər arasında müşahidə olunan səviyyə artım sürətindən iki dəfə çoxdur və əsasən buz təbəqələrinin əriməsi nəticəsində buz kütləsinin sürətlə itirilməsi ilə əlaqədardır. Dəniz səviyyəsinin yüksəlməsi yüz milyonlarla sahil sakinini daha güclü, tez-tez tufan və daşqın riskinə məruz qoyur.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Okean







Vaxtında, Aydın, Lazımlı!


