"Anladım ki, anasını itirən uşaq tək mən deyiləm" - Xanım Qafarovanın evindən reportaj + VİDEO

 "Anladım ki, anasını itirən uşaq tək mən deyiləm" -   Xanım Qafarovanın evindən reportaj + VİDEO
  01 İyun 2022    Oxunub:4090
Növbəti həmsöhbətimiz mərhum aktrisamız xanım Qafarovanın anası Gövhər xanım və nənəsinin adını daşıyan qızıdır. AzVision.az aktrisanın evində olub və ailəsi ilə onun xatirəsini yad edib.
Söhbətə Xanımın anasının səhhətini soruşmaqla başladıq.
- Şükür Allaha yaxşıyam. Bir az xəstələnmişəm. Nəbilim, Allah verən dərddir- deyə Gövhər ana sualımızı cavabladı.



- İllər öncə sizin evinizdə qonaq olmuşdum. Nəvəniz Gövhərin o zaman yaşı çox az idi. İndi isə böyüyüb, qəşəng bir qız olub. Bu gözəllik sizin zəhmətinizdir. Xanım rəhmətə gedəndən sonra ona ana oldunuz...
- Böyütmüşəm. Allah hamısından razı olsun. Camaat da, hökumət də maddi və mənəvi dəstək oldu. Baş çəkdilər.
Anası vəsiyyət etmişdi ki, “ana, qızımı bağrına basarsan”. Mən də onun vəsiyyətinə əməl etdim. Atası xəstədir deyə qızı ona vermədik. Xalası və mən böyütdük. O da bizə öyrəşdi.



- Sözünüzə baxırmı? Necə övladdır?
-Şükür Allaha, mənim övladlarım yaxşı balalardır. Baxmayıb nə edəcək ki? Yaxşı, tərbiyəli böyüyüb.

Balaca Gövhər nənəsinin sözünə əlavə edir: - Nənə mənə öz qız kimi baxıb. Ana qayğısını, ana sevgisini ilk ondan görmüşəm. Xalam da, anam da hər ikisi mənə öz doğma anam kimidirlər. Nənəmdən anamın qoxusunu alıram. Tez-tez xalam ilə, nənəm ilə məsləhətləşirəm. Xalam qızı mənə doğma bacım kimidir. Onunla danışıram, dərdləşirəm.

Gövhər nənə: - Deyirəm, bəhrəni görüm, ay Gövhər. Birdən ölərəm, bəhrəni görmərəm. Deyir, yox ay nənə, yaşayacaqsan. Camaat dua edə-edə bu yerə kimi yaşamışam.



- Nəvənizdən gözləntiniz nədir?
- Oxusun, ali təhsil alsın. Ayaqda dursun, özünü müdafiə etsin. Ailəyə, dövlətə yararlı övlad olsun.

- Gövhər, dərslərini necə oxuyursan ?
-Dərslərim yaxşı gedir. Ən çox sevdiyim fənn tarix və Azərbaycan dilidir. İngilis dilini də çox sevirəm. Üçüncü qrupa imtahan verib, xarici dillər üzrə təhsil almaq istəyirəm. Tərcüməçi olmaq, əsasən də şirkətdə çalışmaq arzum var. Hərdən nənəmə deyirəm ki, Azərbaycan dilində bir cümlə qur, mən də onu ingilis dilinə tərcümə edim.

- Gövhər ana, bəs sizin bir ana, nənə kimi arzunuz nədir?
- Ana kimi arzum odur ki, sənət yiyəsi olsun. Ali təhsil alsın. Ürəyi hansı peşəni istəyirsə onu seçsin. Nəvəmə qadağa qoymuruq.



- Bu illər ərzində sizə kimlər kömək etdi, yaxud evinizə gəlib balaca Gövhərə baş çəkdi?
- Xanım deyirdi ki, “ay ana, sizə bir şərait qura bilmədim. Ancaq özümə hörmət qazanmışam. O hörmətdən sizə də gəlib pay çatar”. Bunun nəticəsidir ki, onun balasını yad edirlər. Gəzməyə aparırlar. Millət vəkilimiz Qənirə Paşayeva hələ də nəvəmlə maraqlanır. Vaxtı olan zaman onu gəzməyə aparır, evində qonaq saxlayır. Mübariz Mənsimov bizə ev bağışladı. İndi də orada qalırıq.



- Nəvəniz bir ara filmlərə çəkilirdi, aktrisa olmaq istəyirdi?
- Azərbaycanda iki filmə çəkildi. Türkiyədən təklif gəldi, ora da getdi, balaca bir epizoda çəkildi.

Balaca Gövhər: - Mən aktrisa olmaq istəyirdim. Amma xalam başa saldı ki, bu sənət kənardan asan görsənir. Sənət adamlarının ailəsi ilə vaxt keçirməyə zamanı az olur. Ona görə də ən yaxşısı iş masası arxasında olan işdir.

- Gövhər anasını necə xatırlayır? Onunla bağlı əsasən nələri yadında saxlaya bilib?
- Uşaq onun üzün çox görmürdü. Gövhərin yadında qırıq-qırıq xatirələr qalıb. Hər gün ağlayıram. Xanımın xatirələri çoxdur. Zarafatcıl idi. Qeybətdən xoşu gəlməzdi. Deyirdi, “əşi özünüzdən danışın”. Bir dəfə onun haqqında qəzetdə yazmışdılar ki, “İlanla yola gedən Xanım”. Gövhərin indiki siması anasının uşaqlığına oxşayır. Hərdən yatanda ona biixtiyar baxıram, gözümün yaşı axır. Deyirəm, elə bil, Xanımın özüdür. Onun kimi qızı da zarafatcıldır.

Övlad ağrısı ağırdır. Ananın, bacının ürəyindən heç kim apara bilməz. Ölənə kimi yaddan çıxmaz. Allah heç kimə göstərməsin. Amma qəzadır da. 84 yaşım oldu. Dərdim yaşımdan çoxdur. Allah səbr də verir, nəfəs də.



- Gövhər, ananın vaxtı ilə işlədiyi Musiqili teatra gedib tamaşa izləmisənmi?

- Yox, aparan olmayıb. O, bir serialda çəkilirdi, uşaq olanda o roluna çox heyran idim. Həmişə anam həmin serial çəkilişindən qayıdanda mənə hədiyyə alıb gətirərdi. Mən anamın ayqqabılarını çıxartmağa kömək edərdim. O məni öpərdi, başıma sığal çəkərdi. Elə də yatardıq. Anamla mən hər gün danışıram. Şəklinə baxıb gizlində ağlayıram. Nənəmin, xalamın bunu görüb üzülməsini istəmirəm.

Anamla özlüyümdə dərdləşirəm, məsləhətləşirəm. Onu yuxumda görmək istəyirəm. Təəssüf ki, çox qırıq-qırıq xatirələrlə xatırlayıram. Gecələr mənə gələndə oyuncaq alıb gətirirdi. Ağlayanda başıma sığal çəkib məni öpürdü. Kaş o günlər geri qayıdaydı. Onun nəfəsini yanımda hiss edərdim. Nənəm, xalam onu əvəz edir, mənə ana olurlar. Amma ananı tam əvəz etmək mümkün deyil.

Həmişə də ağlayanda gizlin ağlayıram. Çünki onların gözündən düşən hər damla yaş mənim ürəyimi acıdır. Ancaq bunu da qəbul etmişəm ki, anasını itirən uşaq tək mən deyiləm.





Şahanə Rəhimli
VİDEO: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:



Xəbər lenti