Yaxın Şərq və Şimali Afrikada inflyasiya rekord həddə çatacaq

   Yaxın Şərq və Şimali Afrikada inflyasiya rekord həddə çatacaq
  04 İyun 2022    Oxunub:1206
COVID-19 pandemiyası və Ukraynadakı müharibə Yaxın Şərq və Şimali Afrikada ağır iqtisadi və sosial fəsadlara səbəb olub. Bu regionların ölkələrində inflyasiyanın rekord həddə çatacağı proqnozlaşdırılır.
“The Global Economy” nəşri 2022-ci ilin sonunadək region ölkələrində inflyasiyanın səviyyəsi ilə bağlı məlumat yayıb. Cari ilin birinci rübündə Şimali Afrika və bütün dünya üzrə ən yüksək inflyasiya Sudanda (248 faiz) qeydə alınıb. Efiopiyada bu göstərici 54 faiz, Misirdə 10,66 faiz, Əlcəzairdə 9,53 faiz, Tunisdə isə 8,40 faizdir. Bu ölkələrdə ilin sonunadək inflyasiyanın səviyyəsinin daha da artacağı gözlənilir. Şimali Afrikanın hər beş ölkəsi ərzaq qıtlığı, xüsusən taxıl çatışmazlığı problemi ilə üzləşib.

Yaxın Şərqin ölkələri sırasında ən yüksək inflyasiya Yəməndə (45,98 faiz) qeydə alınıb. Dünya bazarlarında xam neftin qiymətinin bahalaşması nəticəsində gəlirləri artan iki ərəb ölkəsində inflyasiyanın səviyyəsi ən aşağı həddədir. Belə ki, ilin birinci rübündə Səudiyyə Ərəbistanında 2,51 faiz, Qətərdə isə cəmi 1,18 faiz inflyasiya qeydə alınıb. Yaxın Şərq regionunun 16 ölkəsində inflyasiyanın orta həcmi 8,97 faiz təşkil edir.

Dünya Bankının hesabatına görə, ən acınacaqlı vəziyyət Afrikanın Sahil və Buynuz regionundadır. İnflyasiyanın səviyyəsinin 40-50 faizə çatdığı bu ölkələrdəki problemlər Afrika İttifaqının sədri və Seneqal Prezidenti Maki Sallın rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə dilə gətirilib. Kəskin ərzaq qıtlığı olan Afrikada humanitar fəlakətin dərinləşdiyini bildirən ittifaqın sədri bildirib ki, qitə ölkələri Rusiya və Ukraynadan idxal etdikləri taxılın 45 faizindən məhrum olub.

BMT-nin son hesabatında da Afrikanın Sahil regionunda 18 milyon, Buynuz regionunda isə 13 milyon insanın aclıqdan əziyyət çəkdiyi bildirilib.

AzVision.az



Teqlər: Afrika   Şərq  



Xəbər lenti