İrəvanda gərginlik - Polis metronu bağladı

            İrəvanda gərginlik    - Polis metronu bağladı
  10 İyun 2022    Oxunub:1621
Ermənistan müxalifətinin paytaxt küçələrində yenidən fəallaşması hökuməti ehtiyat tədbirləri görməyə vadar edib. AzVision.az xəbər verir ki, bu gün prezident sarayı qarşısında etiraz aksiyası keçirən müxalifətçilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) təmsilçilərinin İrəvan iclasına etiraz edirlər.
KTMT- nin İrəvan iclası müxalifətin aksiyası ilə başladı - CANLI
Hazırda saray ətrafına daha çox etirazçının toplanmaması üçün polis bir sıra metro girişlərini gözlənilmədən bağlayıb.

Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan bununla bağlı çəkilən fotonu sosial şəbəkələrdə paylaşaraq yazıb ki, “Qorxaqlar İrəvan metrosunun “Marşal Baqramyan” stansiyasını bağlayıblar". O qeyd edib ki, metropolitendən istifadə edən vətəndaşlara bununla bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.

- Bu da minlərlə vətəndaşın böyük narazılıq və narahatlığına səbəb olub. Baqramyan prospekti də bütün nəqliyyat növlərinə bağlıdır. O cümlədən Komitas prospekti, Kiyan küçəsi və digər küçələrdən gələn ictimai nəqliyyat bura daxil ola bilmir. Əgər dinc nümayişçilər bunu etsəydi, yüzlərlə vətəndaş saxlanılacaq, onlara qarşı kobud davranacaq və güc tətbiq olunacaqdı. Hökumət yolları bağlayanda isə heç bir sərt tədbir görülmür, - Kazaryan gileylənib.

Xatırladaq ki, bu dəqiqələrdə prezident sarayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Metro  



Xəbər lenti