Mark Evans REAL TV-nin ENEX-lə əməkdaşlığını xüsusi vurğulayaraq Cənubi Qafqazla media əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini söyləyib.
Real TV-nin proqram departamentinin rəhbəri Kamran Qasımov bildirib ki, ENEX ilə bir ildən artıqdır davam edən əməkdaşlığı yüksək qiymətləndiririk: “Burada Rusiya-Ukrayna müharibəsinə geniş yer ayrıldı. Bəli, biz hüquqları özümüzdə olan materialları platformaya daxil etmişik. Azərbaycan Ukraynaya tonlarla humanitar yardım göndərib, biz də bununla bağlı material hazırlayıb, ENEX platformasına qoymuşuq. Bizim Moldovaya ezam edilmiş müxbirimiz Ukraynadan təxliyə edilən vətəndaşlarımızla bağlı material hazırlayıb”.
Kamran Qasımov Real Televiziyasının ENEX-ə ünvanlanan təklifini də səsləndirib: “Bilirsiniz ki, hazırda Cənubi Qafqazda həm siyasi, həm iqtisadi baxımlardan müsbət dəyişikliklər müşahidə olunur. Bu gün Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh prosesinin vasitəçiliyini öz üzərinə götürüb. Bu cür proseslərin mediada davamı kimi biz təklif irəli sürürük. Biz ENEX platformasına qoşulandan bəri ölkəmizin müxtəlif dairələri bu prosesə böyük maraq göstərir. Odur ki, böyük məmnunluqla ENEX nümayəndələrini Azərbaycana dəvət edirik. Azərbaycanda media haqqında yeni qanun qəbul olunub. Təklif edirik ki, mediamızda və ölkəmizdə baş verən mütərəqqi prosesləri - Böyük Qayıdışı, iqtisadi uğurları gəlib, gözlərinizlə görəsiniz. Bu, Real TV tərəfindən rəsmi dəvətdir. Real TV Bakıda ENEX-in iclasına moderatorluq etməklə, həm də bir ənənə yaratmaq niyyətindədir. Bu ilin sentyabr, yaxud oktyabr aylarında bu görüşün baş tutmasını istərdik. Əlbəttə ki, bu sizin qərarınızdan asılı olacaq”.
Kamran Qasımov həmçinin deyib ki, Real Tv və ENEX müştərək media layihələri, treninqlər həyata keçirə bilərlər.







Vaxtında, Aydın, Lazımlı!


