Binəli Yıldırım Ermənistanı öhdəliklərini yerinə yetirməyə çağırıb

   Binəli Yıldırım    Ermənistanı öhdəliklərini yerinə yetirməyə    çağırıb
  15 İyun 2022    Oxunub:1791
“Birliyimizi qorumaq üçün daha çox çalışacağıq. Elm, iqtisadiyyat, infrastruktur, mədəniyyət, ticarət və qarşılıqlı investisiya sahələrində də əlaqələrimizi daha yüksək səviyyəyə çıxaracağıq. Biz gördüyümüz hər işdə Azərbaycanın rifahı, Azərbaycan xalqının gələcəyi baxımından üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq”.
AzVision.az xəbər verir ki, bunu Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədr müavini Binəli Yıldırım bildirib. O, regionun mürəkkəb bir coğrafiyada yerləşdiyini söyləyib:

“Ətrafımız atəş çəmbəridir. Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır. İraq və Suriyada qeyri-sabitlik hökm sürür”.

AKP sədrinin birinci müavini Ermənistanı Azərbaycanla imzalanmış anlaşmalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb: “Sülhün regional əməkdaşlığa, sabitliyə fayda verməsi üçün daha çox müzakirəyə ehtiyac var”.

Binəli Yıldırım deyib ki, Qarabağ savaşında da 84 milyon türk qardaşınızın gözü, qulağı, qəlbi burada oldu: “Türkiyə Azərbaycana bu dönəmdə də dəstək verdi və Azərbaycan Qarabağ savaşında birmənalı Zəfər qazandı. Qurtuluş savaşında Anadolu torpaqlarının işğaldan azad edilməsindən müstəqil Türk dövlətlərinin qurulmasına gedən yolda canlarını fəda edən bütün şəhidlərimizə, Birinci və İkinci Qarabağ savaşında, Azərbaycanın istiqlal savaşında həyatını itirən bütün şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür diləyirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”.

AzVision.az



Teqlər:



Xəbər lenti