Bu gün onların da bayramıdır: Vətən müharibəsinin şəhid hərbi həkimləri

      Bu gün onların da bayramıdır:    Vətən müharibəsinin şəhid hərbi həkimləri
  17 İyun 2022    Oxunub:3371
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır. Həyatımızı etibar etdiyimiz tibb işçiləri düşünərək və bilərəkdən sənəti yolunda həyatını qurban verənlərdir.

Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman yaralı hərbiçilərimizə kömək etmək üçün yüzlərlə tibb işçisi düşünmədən könüllü cəbhəyə yollandı. bu dövrdə 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Bu gün həm də 44 günlük Zəfər müharibəsində canlarını fəda edən səhiyyə nümayəndələrinin bayramıdır.

AzVision.az qəhrəman tibb işçilərini təqdim edir:

Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova Azərbaycan Ordusunda hərbi feldşer olub. Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək yaralı hərbçilərə elə döyüş meydanında tibbi yardım göstərmiş, xeyli sayda əsgər və zabitimizin həyatını xilas edib. 2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxararkən aldığı güllə yarasından şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.



Vətən müharibəsində şəhid olmuş həkimlərimizdən biri də tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevdir. O, 2016-cı ilin Aprel döyüşləri zamanı da yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.

Sentyabrın 27-dən başlayan döyüşlərdə hərbi tibb qulluqçu kimi iştirak edən Rasim Abdullayev Hadrut və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə elə yerindəcə ilk tibbi yardım göstərib. Vətən müharibəsinin son dəqiqələrində komandanlıq tərəfindən verilən Şuşa istiqamətində ağır yaralı zabitlərə ilk tibbi yardım göstərmək tapşırığını yerinə yetirdiyi zaman Xocalı rayonunun Çanaqçı kəndində Ermənistan ordusu tərəfindən pusquya düşürülərək aldığı yaralardan şəhid olub. O, Azərbaycanın hərb tarixində, həmçinin Vətən müharibəsi tarixində şəhid olan ən yüksək rütbəli tibb xidməti qulluqçusudur.

Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.



Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.



Vətən müharibəsi zamanı vəzifə borcunu şərəflə yerinə yetirən həkimlərimizdən biri də Turqut Xəlilbəyli dir. Vətən müharibəsinin ilk şəhid həkimi olan leytenant Turqut Xəlilbəyli müharibənin ilk günlərindən ön cəbhədə yaralı əsgər və zabitlərin həyatını xilas etmək üçün var gücü ilə çalışıb, öz vəzifəsini layiqincə yerinə yetirib. Oktyabr ayının 7-də Turqut növbəti döyüşün gedişində yenə də yaralı əsgərlərimizi atəş altından çıxarmaqla məşğul olur. Həmin gün o, yaralı əsgərlərimizi xilas etmək məqsədilə birbaşa atəş zonasına üç dəfə giriş edir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür. Bu zaman Turqut özünü yaralı əsgərimizin üzərinə atır və öz canı bahasına onun həyatını xilas edir. Aldığı ağır qəlpə yaraları səbəbindən leytenant Turqut Xəlilbəylinin həyatını qurtarmaq mümkün olmur.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Füzulinin azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.



Şəhid həkim Adil Əfəndiyev 22 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 25 yaşında şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.



2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan stomotoloq Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, həm də fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.



Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.



Tibb xidməti baş leytenantı həkim Nurlan Fərəməzov da Vətən müharibəsinin qəhrəman həkimlərindən biridir. Cəbrayılda gedən ağır müharibədə xüsusi qəhrəmanlıq göstərir. Həm də hərbi həkim olaraq elə döyüş meydanında yaralı əsgər və zabitlərimizə ilkin tibbi yardım göstərir, çox yaralı igid oğullara ikinci həyat verir. Oktyabrın 9-da tibb xidmətin baş leytenantı Nurlan Fərəməzov başının arxa tərəfindən ciddi zədə alır, elə döyüş meydanında əbədiyyətə qovuşur. Nurlan Fərəməzov "Vətən uğrunda", "İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları təltif olunub.



Hərbi tibb qulluqçusu Şöhrət Qasımov Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərib, 29 sentyabrda şəhid olub. “Vətən uğrunda” medialı, “Vətənə xidmətə görə” ordeni və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.



Ağcabədi rayonundan olan qəhrəman hərbçimiz Tariyel Salmanov da Vətən müharibəsinin şəhid həkimlərindəndir. Tariyel yaralılarımıza döyüş meydanında tibbi xidmət göstərərək onları ölümdən qurtarır. Onun döyüş yoldaşları bu gün də qəhrəman həkimin qorxmazlığı, şücaəti, mərdliyindən fəxarətlə danışır, onun dəfələrlə ən qaynar nöqtələrə, ən çətin mövqelərə getdiyini vurğulayırlar. Qəhrəman həkimimiz oktyabrın 7-dən 8-nə keçən gecə şiddətli döyüşlər zamanı yaralı əsgərlərimizə kömək üçün yenidən irəliyə atılır, xeyli sayda yaralılara ilkin tibbi yardım göstərir. Lakin təəssüf ki, mənfur düşmənin mərmi nəticəsində özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Tariyel Salmanov şəhadətindən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.



Allah şəhidlərimizə rəhmət eləsin!

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti