Nazirdən qazilərin etirazına münasibət: "Dövlətin qayğısı davam edəcək"

   Nazirdən qazilərin etirazına münasibət:    "Dövlətin qayğısı davam edəcək"
  20 İyun 2022    Oxunub:1406
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılıq etməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran nazir qeyd edib ki, şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir.

"Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu qəhrəmancasına 44 günlük müharibə ilə öz ərazisini işğaldan azad etdikdən sonra qəbul edilən əksər qərarlar məhz şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Birincisi onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri bir çoxlarının evlərini ziyarət edərək, imkanlarını qiymətləndirdi və onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərildi. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstxanalarda, evlərində ziyarət edərək, onların tibbi vəziyyətlərini qiymətləndirdilər",- deyə nazir əlavə edib.

S. Babayev qeyd edib ki, bunun nəticəsində ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə 190 min xidmət göstərilib:

"Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib, sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onların 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti